Yaz mövsümü ilə əlaqədar Bakıda ümumşəhər daxili iməcliyi keçiriləcək
Yaz mövsümü ilə əlaqədar şənbə günü, aprel ayının 2-də Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda ümumşəhər daxili iməcliyinin keçirilməsi qərara alınıb.
Bakı Şəhər İcra Hakimiyyətinin Mətbuat Xidmətindən 1news.az-a verilən məlumata görə, daxili iməclik zamanı prospekt və küçələr, səki kənarları, bordyur və işıq dirəkləri, məhəccərlər, mağaza vitrinləri, koşklər və dayanacaqlar, ağaclar və yaşıllıq zolaqları, binaların fasadları yuyulacaq, ağaclar budanacaq, həyət və məhəllələrdə təmizlik-abadlıq işləri görüləcəkdir.
Bakı Şəhər İcra Hakimiyyəti müəssisə, idarə və təşkilatların kollektivlərini, paytaxt sakinlərini bu iməclikdə fəal olmağa çağırır, həmçinin sahibkarlar və özəl sektorda çalışanlara müraciət edərək onları özlərinə məxsus ticarət, ictimai-iaşə və digər obyektlərin fasad və vitrinlərində, obyektlərinin qarşısında təmizlik və səliqə-sahman yaradılmasında iştirak etməyə dəvət edir.
Bununla da hər birimiz paytaxtımızın daha da gözəlləşməsinə öz töhfəmizi vermiş olacağıq.