Cavid Qurbanov: “Mənfur düşmən Kəlbəcəri talaya biləcəyini yoxlamaq üçün Ağdabanda vəhşiliklər törətdi”
Yeni Azərbaycan Partiyası Kəlbəcər Rayon Təşkilatı və “Aşıq Şəmşir “ Mədəniyyət Ocağı İctimai Birliyinin birgə təşkilatçılığı ilə 7 Aprel 2022-ci il tarixində Nizami kino mərkəzində Ağdaban Soyqırımının 30-cu ildönümünə həsr olunmuş anım tədbiri keçirilib.
1news.az xəbər verir ki, tədbirdə dövlət və hökumət nümayəndələri, Yeni Azərbaycan Partiyasının İdarə heyətinin üzvləri, Milli Məclisin deputatları, YAP Mərkəzi Aparatının əməkdaşları və ölkə ictimaiyyətinin nümayəndələri iştirak ediblər.
Qonaqlar əvvəlcə torpaqlarımızın azadlığı, ərazi bütövlüyü və Ağdaban Soyqırımında canlarını qurban vermiş şəhidlərin əziz xatirəsini 1 dəqiqəlik sükutla yad ediblər.
Ağdaban Soyqırımına həsr olunmuş video-çarx nümayiş etdirilib. Tədbirdə çıxış edən Yeni Azərbaycan Partiyası İdarə heyətinin üzvü, millət vəkili Musa Quliyev bildirib ki, erməni qəsbkarlarının xalqımıza qarşı törətdiyi Ağdaban faciəsindən 30 il ötür.
Ağdaban faciəsi Xocalı hadisələrindən sonra erməni cəlladlarının hələ də türk, azərbaycanlı qanına doymadığının əyani göstəricisidir. Belə soyqırım əməllərindən biri də Azərbaycanın əbədi və əzəli torpağı olan Qarabağın dilbər guşəsi Kəlbəcərin kənd və qəsəbələrində erməni quldur dəstələri tərəfindən xalqımıza qarşı törədilmiş cinayət faktlarıdır. Uzun illər gizli saxlanılan, üzərinə qadağa qoyulmuş həqiqətlər açılır, təhrif edilmiş hadisələr özünün əsl qiymətini alır. Dünya tarixində özünəməxsus rol oynamış xalqımızın tarixi yenidən yazılaraq beynəlxalq ictimaiyyətə təqdim edilir.
“Aşıq Şəmşir” mədəniyyət ocağının sədri, Ağdaban sakini Cavid Qurbanov isə çıxışında qeyd edib ki, Ağdaban faciəsi qurbanlarının xatirəsini anmaq və faciəni yad edərək dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün hər il dövlətimiz tərəfindən anım mərasimləri təşkil olunur. “1992-ci ilin aprelin 7-dən 8-nə keçən gecə erməni quldur dəstələri Ağdaban kənd sakinlərinin başına dəhşətli faciə gətirdilər. Mən gözümü Ağdabanda - Dədə Şəmşir yurdunda açmışam. Mənfur düşmən Kəlbəcəri talaya biləcəyini yoxlamaq üçün Ağdabanda vəhşiliklər törətdi.
Kəlbəcər rayonunun 130 evdən ibarət AĞDABAN kəndi tamamilə erməni seperatçıları tərəfindən yandırıldı, kəndin 779 nəfər dinc sakininə qeyri-insani işgəncələr verildi. 33 nəfər qətlə yetirildi, 8 nəfər 90-100 yaşlı qoca, 2 nəfər azyaşlı uşaq, 7 nəfər qadın diri-diri odda yandırıldı, 2 nəfər itkin düşdü, 12 nəfərə ağır bədən xəsarəti yetirildi. Bu bir kəndin sakinlərinə tutulmuş amansız və insanlıq adına sığmayan divan idi.
Ermənilərin Azərbaycanın mədəni irsinə qarşı törətdikləri vandalizm siyasətinin davamının daha bir təzahürü kimi şair Ağdabanlı Qurbanın və klassik aşıq şeirinin ustadlarından olan Dədə Şəmşirin əlyazmaları məhv edildi.
Xalqımızın başına gətirilən müsibətlər ölkə başçısı cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyeva tərəfindən dünya ictimaiyyətinə çatdırılır və həmin hadisələrə beynəlxalq hüquqi-siyasi qiymət verilməsi istiqamətində iş aparılır.
Şükürlər olsun ki, 2020-ci ilin 27 sentyabrında düşmənin növbəti təxribatlarına qarşı Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin sərkərdəliyi ilə başlayan, şəhidlərimizin canı, qazilərimizin qanı hesabına tarixi Zəfərlə bitən 44 günlük Vətən müharibəsində Ağdaban soyqırımının qurbanlarının da qisası alındı.
Bu gün artıq qalib xalqıq, qalib ölkəyik. Bir kəlbəcərli olaraq mən də qürur duyuram ki, doğma yurdumuzu gördük. Atamı vəfat etməmişdən öncə o torpaqlara apara bildiyim üçün xoşbəxtəm” .
Tədbirdə iştirak edən “Vətən Müharibəsi Qəhrəmanı”, Polkovnik-leytenant Şəhid Anar Əliyevin atası Vaqif Əliyev şəhidlərin qisasının alınmasında oğlunun payı olduğu üçün qürur hissi keçirdiyini qeyd edib. “Mən oğlumu uşaqlıqdan vətənpərvər kimi, milli ruhda böyütmüşdüm. Oğlum hərbçi peşəsini seçəndə inanırdım ki, qəhrəmanlıqlar göstərəcək. Çünki onun doğulduğu yurd işğalda idi. Anar həmişə qisas hissi ilə yaşayırdı. Ən böyük məqsədi torpaqlarımızın azadlığı idi. Mən şəhid və qazi ailələri adından bizə göstərilən hərtərəfli diqqət və qayğıya görə, Prezident İlham Əliyevə, Birinci vitse-prezident Mehriban xanım Əliyevaya öz hörmət və ehtiramımızı bildirirəm.
Xüsusi Təyinatlı Qüvvələrin mayoru, Şuşaya ilk daxil olan 3 tabordan birinin komandiri, “Vətən Müharibəsi Qəhrəmanı” Saleh Həsənov bildirib ki, şəhidlərimizin illərlə nigaran qalan ruhları şaddır. “Xocalı cəlladları ilə yanaşı Ağdaban qatillərinin də cəzası döyüş meydanında qəhrəman oğullarımız tərəfindən verildi. Ona da əminik ki, qüdrətli Azərbaycan dövlətinin, müzəffər ordumuzun 44 günlük Vətən müharibəsində düşmənlərimizə verdiyi tarixi dərs nəticəsində rəzil duruma düşən mənfur qonşularımız bundan sonra nəinki xalqımıza qarşı hansısa soyqırımı cinayəti törətmək üçün özündə güc tapacaq, əksinə Müzəffər Ali Baş Komandanımız İlham Əliyevin qeyd etdiyi kimi, bir daha bizim tərəfə baxmağa belə cəsarət etməyəcəklər.”