“Əhmədli” metro stansiyasında yanğın-taktiki təlim keçirilib - FOTO - VİDEO
Fövqəladə Hallar Nazirliyi Dövlət Yanğın Nəzarəti Xidmətinin təşəbbüsü və Dövlət Yanğından Mühafizə Xidmətinin iştirakı ilə “Bakı Metropoliteni” QSC-nin “Əhmədli” stansiyasında yanğın-taktiki təlim keçirilib.
Bunu 1news.az-a Fövqəladə Hallar Nazirliyinin (FHN) mətbuat xidmətindən bildiriblər.
Təlimin keçirilməsində əsas məqsəd yanğından mühafizə bölmələrinin döyüş hazırlığının, o cümlədən metroda baş verə biləcək yanğınlarla əlaqədar praktiki vərdişlərinin daha da təkmilləşdirilməsi, habelə metropolitenin aidiyyəti heyətinin yanğınlar zamanı ilkin davranış qaydaları barədə bilik və bacarıqlarının artırılması olub.
Təlimin mövzusu stansiyada yerləşən 50 saylı şaxtanın elektrik lövhəsində baş vermiş şərti yanğının “söndürülməsi” olub.
Təlim zamanı, əvvəlcə baş vermiş şərti yanğın barədə səsucaldıcı vasitəsilə məlumat verilib, dərhal sonra metropoliten əməkdaşları tərəfindən ilkin yanğınsöndürmə vasitələri ilə “yanğının söndürülməsinə” başlanılıb və FHN-in “112” qaynar telefon xəttinə “məlumat verilib”.
Sonra təlimdə iştirak edən FHN Dövlət Yanğından Mühafizə Xidmətinin Nizami və Xətai Rayon Yanğından Mühafizə hissələrinin qüvvələri “yanğın” baş vermiş ünvana operativ qaydada gələrək “tüstülənmiş” zonada “köməksiz vəziyyətdə qalan insanların təxliyəsi” və şərti yanğının “söndürülməsi” əməliyyatını qısa müddətdə uğurla icra ediblər.
Sonda təlimin nəticələri müzakirə olunub, FHN-in Dövlət Yanğın Nəzarəti Xidmətinin əməkdaşları tərəfindən metropolitenin işçilərinə baş verə biləcək fövqəladə hallar zamanı zəruri hərəkətlər, metropoliten ərazisində yanğınların söndürülməsi üsulları və ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları ətraflı izah edilib.