Təhlükəli qaz balonlarını kim və necə utilizasiya etməlidir? – Ekspert açıqlayır | 1news.az | Xəbərlər
Cəmiyyət

Təhlükəli qaz balonlarını kim və necə utilizasiya etməlidir? – Ekspert açıqlayır

12:48 - 11 / 04 / 2022
Təhlükəli qaz balonlarını kim və necə utilizasiya etməlidir? – Ekspert açıqlayır

Bakıda gecə klubunda baş verən dəhşətli partlayış hadisəsi propan qaz balonlarının nə qədər təhlükəli olduğunu bir daha göstərdi. Bu hadisədən sonra ictimai-iaşə obyektlərində, kafe və restoranlardan propan qaz balonlarının yığılması üçün əlaqədar qurumlar reydlər keçirirlər.

Xatırladaq ki, aprelin 3-də Bakıda yerləşən “Location” adlı gecə klubunda maye qaz balonunda yaranmış sızma nəticəsində baş verən partlayış nəticəsində 4 nəfər ölüb, 36 nəfər yaralanıb. Bundan başqa, 14 avtomobil, 1 mənzil və 2 qeyri yaşayış obyektinə ziyan dəyib.

Məlum olduğu kimi, uzun müddətdir ki, ictimai-iaşə obyektlərində, şəxsi təsərrüfatlarda, evlərdə, yeni tikilmiş və istismara qəbul olunmadan istifadə edilən bəzi çoxmərtəbəli binalarda, həmçinin yataqxanalarda və dağ kəndlərində əhali gündəlik yanacağa olan tələbatlarını ödəmək məqsədilə maye qaz balonlarından istifadə edir. Lakin əhalinin çox hissəsi qaz balonlarının quraşdırılması və təhlükəsiz istifadə qaydalarına əməl etmirlər, bu da qaz sızmasına, bəzi hallarda isə partlayış və yanğına səbəb olur.

Qaz balonlarının ictimai-iaşə obyektlərində istifadəsi nə dərəcədə düzgündür? Qaz balonlarını ictimai-iaşə obyektlərindən hansı qurum kənarlaşdırmalıdır? Bu suallara cavab tapmaq üçün təhlükəsizlik məsələləri üzrə ekspert Elmar Nurəliyevə müraciət etdik:

“Gecə klubunda baş verən partlayışdan sonra sahibkarlara bu qaz balonlarının obyektlərdən kənarlaşdırılması ilə bağlı xəbərdarlıq edilir. Təbii ki, bu belə olmalıdır. Qanunla da qaz balonlarının ictimai-iaşə obyektlərində istifadəsi qadağan olunub. Lakin qaz balonlarını kim kənarlaşdıracaq, necə kənarlaşdıracaq və hara kənarlaşdıracaq bu sual doğurur.. Bununla bağlı heç bir dövlət qurumuna səlahiyyət verilməyib. Nə FHN-nin Dövlət Yanğın Nəzarəti Xidməti, nə Azərqaz İB, nə də Energetika Nazirliyinin bununla bağlı səlahiyyəti var. Yəni bu qaz balonlarını obyektlərdən aparmaq üçün hansısa qurumun bununla bağlı səlahiyyəti olmalıdır”.

İstifadəyə yararsız olan qaz balonlarının utilizasiyası barədə məlumat verən E.Nurəliyev bildirib ki, qaz balonları xüsusi maşınlarla poliqona aparılmalı və orada zərərsizləşdirilməlidir:

“İnsanlar rahatlıqla yanacaqdoldurma məntəqələrindən bu bolonları şəxsi maşınla gedib doldurur və daşıyır. Sonra isə həmin balonu ya evində, evinin həyətində, ya da obyektin çölündə saxlayır. Belə olan halda təhlükə yenə də qalır. Ən yaxşı halda yenə də istifadəyə davam edəcək. Buna görə fiziki şəxslər üçün cəmi 30 manat cərimə nəzərdə tutulur.

Hansısa qurum obyektlərdən yığışdırıb aparsa belə bu qaz balonlarını hara aparacaq? Harada saxlayacaq? Necə utilizasiya edəcək? Bu işlərin həyata keçirilməsi üçün qanun layihəsinin qəbulu və mövcud qanunvericilikdə əlavə və dəyişikliklərin edilməsinə ehtiyac var. Bu qanun layihəsində bu işləri görəcək qurum müəyyənləşdirilməli və ona səlahiyyətlər verilməlidir ki, bu qaz balonlarını hara aparacaq, harada saxlayacaq və utilizasiyası üçün xüsusi poliqon yaradılmasını təşkil edəcək”.

B.Cahandar

Paylaş:
629

Son xəbərlər

Bütün xəbərlər