Masallıda 7 il əvvəl əmisi qızını qətlə yetirən şəxs tutulub
Masallıda 7 il əvvəl itkin düşən qızın qətlə yetirildiyi məlum olub.
Daxili İşlər Nazirliyindən 1news.az-a verilən məlumata görə, 2015-ci ilin iyulun 6-da Masallı rayonunun Təklə kənd sakini Səidə Cəfərovanın itkin düşməsi barədə daxil olmuş məlumatla əlaqədar 2019-cu il iyunun 11-də Cinayət Məcəlləsinin 144-1-ci (insan alveri) maddəsi ilə cinayət işi başlanıb.
Araşdırmalarla Təklə kənd sakini Əfrail Məmmədovun 2015-ci il iyulun 5-də kənd ərazisində əmisi qızı S.Cəfərovanı bıçaqla xəsarət yetirərək öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Ə.Məmmədov şübhəli şəxs qismində tutularaq istintaqa təhvil verilib.
Faktla əlaqədar Cinayət Məcəlləsinin 144-1-ci maddəsi ilə başlanılmış cinayət işi Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsinə tövsif edilib.