Bakıdakı tarixi göldə acınacaqlı vəziyyət – Rəsmi qurumlar nə deyir? - FOTO
Suraxanı rayonundakı tarixi Bülbülə gölü real ekoloji fəlakətlə üz-üzədir.
1news.az xəbər verir ki, bu barədə AzTV-nin reportajında məlumat verilib.
Bildirilib ki, gölün ətrafı məişət tullantıları ilə çirkləndirilib, ətrafdakı 4 böyük qəsəbə - Əmircan, Bülbülə, Bakıxanov və Qaraçuxurun çirkab suları bu gölə axıdılır.
Sakinlər yaranmış antisanitar vəziyyətdən şikayətçidir. Onların sözünə görə, zibil konteyneri az olduğu üçün gölün ətrafında qalaq-qalaq tullantı yığılır.
Suraxanı rayon İcra hakimiyyətinin Təsərrüfat şöbəsinin müdiri Mehman Hüseynov məsələ ilə bağlı açıqlamasında qeyd edib ki, konteynerlərin artırılması istiqamətində iş aparılacaq: “Gölün ətrafı yaşayış massivi olmadığı üçün konteynerlər məhdud saydadır. Məsələ ilə bağlı mütəmadi baxışlar keçirilir. İməciliklər təşkil olunur. Konteyner meydançaları düzəldib, sayını artırarıq”.
Dayanıqlı Azərbaycan Naminə Milli Alyansın rəhbəri Gülsarə Qasımovanın sözlərinə görə, gölə təsərrüfat və kanalizasiya suları davamlı olaraq axıdılır, bu isə gölün flora və faunası, həmçinin ətrafda yaşayan insanlar üçün təhlükə mənbəyidir.
İnfrastrukturun olmaması səbəbindən tullantı sularının birbaşa gölə axıdıldığını bildirən “Azərsu” ASC rəsmisi Anar Cəbrayıllı isə Ziya Bünyadov prospektindən Olimpiya Stadiounun yanından keçməklə Hövsan təmizləyici qurğularına yeni bir xəttin - böyük bir tunel tipli kollektorun inşasına başlanıldığını qeyd edib: “Tunelin bir hissəsi tikilib, digər hissələri layihələrindirilib. Bunlar böyük maliyyə tutumlu layihə olduğundan mərhələlərlə icra olunur. Kollektor hazır olduqdan sonra artıq Bülübülə gölünə axıdılan tullantı sularının qarşısı tamamilə alınacaq. Burada formalaşdırılan sular həmin kollektor vasitəsilə təmizlənib, birbaşa Hövsan təmizləyici qurğularına yönəldiləcək”.