“Qarabağ və Şərqi Zəngəzurun memarlıq irsi” mövzusunda beynəlxalq elmi konfrans keçirilib - FOTO
Azərbaycan Respublikası Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə elan edilmiş “Şuşa ili” tədbirləri çərçivəsində aprelin 21-də Azərbaycan Memarlıq və İnşaat Universiteti (AzMİU) Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyinin dəstəyi ilə “Fairmont Baku, Flame Towers” otelində “Qarabağ və Şərqi Zəngəzurun memarlıq irsi. Bərpa, qorunma və istifadə problemləri” mövzusunda Beynəlxalq elmi-praktiki konfrans keçirib.
Konfrans Azərbaycan memarlıq irsinin qorunması və istifadəsinin geniş spektrli problemlərinə, Qarabağ və Şərqi Zəngəzur ərazisində qədim dövrlərdən qorunub saxlanılan və 30 ilə yaxın işğal nəticəsində böyük ziyan görmüş Azərbaycan memarlıq irsinin bərpası və qorunması problemlərinə, eləcə də regionun şəhərsalma inkişafı və digər məsələlərə həsr olunub. Beynəlxalq konfransda respublikanın ali təhsil müəssisələri və elmi təşkilatlarının nümayəndələri ilə yanaşı, Türkiyə, İtaliya, Qazaxıstandan gəlmiş alimlər iştirak ediblər.
AzMİU-nun rektoru, professor Gülçöhrə Məmmədova qonaqları salamlayaraq konfransın bütün iştirakçılarına öz işlərində uğurlar arzulayıb. İşğaldan azad olunmuş torpaqlarımızda başlayan genişmiqyaslı quruculuq və abadlıq işlərindən danışan rektor qeyd edib ki, yenidənqurma işləri ilə yanaşı, həmin ərazilərdə ötən əsrlərdən yadigar qalan, tariximizi yaşadan və təəssüf ki, 30 illik işğal dövründə düşmənlərimiz tərəfindən məhv edilən, saxtalaşdırılan memarlıq abidələrimizin bərpası, memarlıq və şəhərsalma irsinin mühafizəsi bu gün qarşıda duran ən mühüm vəzifələrdəndir. “Bu konfransın keçirilməsində məqsəd Qarabağda və Şərqi Zəngəzurda memarlıq irsinin qorunub saxlanması üzrə əsas vəzifələri müəyyən etmək, memarlıq abidələrinin bərpası üçün tövsiyələr hazırlamaq, memarlıq və şəhərsalma irsinin mühafizəsi sisteminin təkmilləşdirilməsinə dair təklifləri hazırlamaqdan ibarətdir. Azərbaycanın memarlıq sahəsində ən qocaman təhsil ocağı kimi bizim Universitet memarlıq irsimizin, tarixi abidələrimizin qorunmasına mühüm əhəmiyyət verir, Memarlıq fakültəsində çalışan alimlərimiz tarixi memarlıq irsimizin öyrənilməsi, mühafizəsi və istifadəsi problemlərini tədqiq edir, müxtəlif layihələr işləyir və hər il elmi konfranslar keçiririk. Bu il də ölkə Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə elan edilmiş “Şuşa ili” tədbirləri çərçivəsində belə bir konfransı keçirməyi vacib bildik”.
Rektor çıxışında memarlıq irsinin qorunub saxlanmasına cavabdeh olan beynəlxalq təşkilatların işğal olunmuş rayonlarda mədəni irsin məhv edilməsinin dayandırılması ilə bağlı Azərbaycan tərəfinin çoxsaylı çağırışlarına məhəl qoymamasına, mövcud vəziyyətdə heyrətamiz biganəlik nümayiş etdirməsinə də toxunub. “30 ildən sonra Azərbaycan dövləti tarixi ədaləti bərpa edərək ona məxsus olan əraziləri geri qaytardı və bütün dünya Qarabağda, Şərqi Zəngəzurda memarlıq irsinin, ümumiyyətlə, bütün şəhərsalma infrastrukturunun qəsdən məhv edilməsi faktını öz gözləri ilə gördü, bu ərazilərə sahib olduqları 30 ilə yaxın müddətdə ermənilər bütün tarixi-memarlıq abidələrini dağıdıblar, şəhərləri yer üzündən siliblər.
Beynəlxalq konvensiyaları, xüsusilə “Silahlı münaqişə zamanı mədəni sərvətlərin mühafizəsi haqqında” 1954-cü il Haaqa Konvensiyasını və ona dair Protokolları, habelə YUNESKO-nun “Ümumdünya mədəni və təbii irsin mühafizəsi haqqında” Konvensiyasını pozaraq, işğalçılar memarlıq abidələrini dağıdıb və ya “erməniləşdirmək” məqsədi ilə saxtalaşdırıb, tətbiqi sənət abidələrini ölkədən kənara çıxarıb, sonradan özlərininki kimi təqdim ediblər”.
Gülçöhrə Məmmədovanın giriş nitqindən sonra açılış sessiyasında iştirak edən Təhsil nazirinin müavini Firudin Qurbanov, Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı, Bərpası üzrə Dövlət Xidmətinin rəis müavini, rəisin səlahiyyətlərini icra edən Azad Cəfərli qonaqları salamlayıb, konfransın əhəmiyyətini xüsusi qeyd edərək onun çox mühüm mövzuya həsr olunduğunu vurğulayıblar. Nazir müavini F.Qurbanov işğaldan azad olunmuş torpaqlarımızda başlayan abadlıq-quruculuq işlərinin başlandığı bir dönəmdə keçirilən bu konfransın həmin işlərə böyük töhfə verəcəyinə ümidvar olduğunu deyib.
İçərişəhər Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi İdarə Heyətinin sədri Şahin Seyidzadə idarənin tabeliyində olan abidələrin bərpası ilə bağlı görülən işlər haqqında danışıb.
Salamlama nitqindən sonra plenar iclasda Universitetin rektoru Gülçöhrə Məmmədova “Qarabağın və Şərqi Zəngəzurun memarlıq irsi”, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin icraçı direktoru Rəvan Həsənov “Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında mədəni irsə qarşı həyata keçirilmiş vandalizm”, İtaliya Mədəniyyət Nazirliyinin sabiq nümayyəndəsi, bərpa və müharibədən sonrakı beynəlxalq ssenarilər üzrə ekspert və 2016-2018-ci illərdə Azərbaycanın milli mədəni irsin qorunması sisteminin modernləşdirilməsi ilə bağlı Avropa İttifaqı tərəfindən maliyyələşdirilən layihənin müşaviri Alessandro Bianki “Qarabağın azad edilməsi. Azərbaycan irsinin qorunması və idarə olunması sahəsində irəliləyiş fürsəti” mövzusunda məruzələrlə çıxış ediblər.
Tanınmış yerli və xarici alimlərin iştirakı ilə keçirilən konfransda işğaldan azad edilmiş ərazilərdə yerləşən memarlıq abidələrinin reabilitasiyası üçün müxtəlif fikirlər, təkliflər səsləndirilib.
Konfrans öz işini sessiyalarda davam etdirib, 4 seksiya üzrə Beynəlxalq Elmi Komitə tərəfindən təsdiqlənmiş 50-ə yaxın məruzə dinlənilib. Bunlardan 20-si Türkiyə, İtaliya, Qazaxıstan, Çin alimləri tərəfindən təşkilat komitəsinə təqdim edilmiş məruzələr olub. Konfrans hibrid – həm onlayn, həm də əyani formada keçirilib.
Konfransda müzakirə olunan mövzular:
1-ci mövzu - Şuşanın memarlıq irsi
Şuşa şəhərinin memarlıq abidələri və şəhərsalma quruluşunun xüsusiyyətləri
İşğal dövründə Şuşanın tarixi memarlıq irsinə vurulan zərbə
Şuşanın tarixi memarlıq mühitinin bərpası və istifadəsi problemləri
2-ci mövzu - Qarabağ və Şərqi Zəngəzurun memarlıq irsinin bərpası və qorunması problemləri Qarabağın və Şərqi Zəngəzurun memarlıq irsi
Müharibə və işğal illərinin memarlıq irsinə təsiri
Tarixi memarlığın bərpa, mühafizə və istifadə problemləri
3-cü mövzu - Mədəni irsin idarə olunması
Tarixi memarlıq irsinin qorunmasında yeni texnologiyalar
İrsin idarə olunmasının sosial aspektləri
İrsin idarə olunmasında beynəlxalq təcrübə
4-cü mövzu - Tarixi şəhərlərin müasir inkişafı
Regionun intensiv inkişafı kontekstində mədəni irsin idarə olunması problemləri
Müasir şəhərlərin yaradılması
Tarixi ərazilərin qorunub saxlanılması və bərpası. Regionun davamlı inkişafında mədəni irsin rolu
Nəqliyyat problemləri və mühəndis kommunikasiyaları