Azyaşlı qarşı seksual hərəkət edən şəxsə 10 ay cəza verildi – Hüquqşünasdan qərara ETİRAZ
Demokrat.az saytında Zaqatalanın Muğanlı kəndində 26 avqust 2021tarixdə 1994-cü il təvəllüdlü Xalid yetkinlik yaşına çatmayan həmkəndlisi Pərvizə (adlar şərti verilib – red.) qarşı seksual xarakterli hərəkətlər etməsi ilə bağlı yazı gedib.
İstintaq orqanı tərəfindən Xalidin barəsində Cinayət Məcəlləsinin 152.1-ci (on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etmə) maddəsi ilə ittiham elan edilib.
Zaqatala məhkəməsi tərəfindən baxılan işdə azyaşlıya qarşı seksual hərəkətlər edən Xalid 10 ay müddətində azadlıqdan məhrum edilib.
Azyaşlıya qarşı seksual hərəkətlər edən şəxs barəsində 10 ay azadlıqdan mərhumetmə cəzası cəmiyyətdə heç də birmənalı qarşılanmayıb.
Məsələ ilə bağlı 1news.az-a danışan hüquq müdafiəçisi, Konstitusiya Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev deyib ki, onun fikrincə bu məsələ ilə bağlı məhkəmə çox ədalətsiz qərar qəbul edib.
“Azyaşlıya qarşı bunu edənə 10 ay yox daha çox cəza vermək lazımdır. Cinayət məcəlləsinin 152.1. –ci madəsinə görə on altı yaşına çatmayan şəxslə cinsi əlaqədə olma və ya seksual xarakterli digər hərəkətlər etməyə üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Bunun qarşısını almaq üçün qanunvericiliyə dəyişiklik olunmalıdır. Bu heç də doğru deyil. Ona görə də hakim ən aşağı hədd olan 10 ay cəza verib. Burada başqa məsələ də var, azyaşlı içki içməyə cəlb edilib.
Bəzi azyaşlılar onlara qarşı olan zorakılıq, seksual hərəkətlərlə bağlı məlumat versə də, bəziləri utandığından gizli saxlayır. Cəzanın az olması belə cinayətlərin sayını artıra bilər, azyaşlıya qarşı seksual hərəkətlər edənlərə çox verilməlidir ki, başqaları da ən azından buna baxıb ibrət götürsün”.