Bayram günü araq içən ata oğlunun qanını töküb - TƏFƏRRÜAT - VİDEO
Qubada 35 yaşlı kişi atası tərəfindən öldürülüb.
1news.az-ın verdiyi xəbərə görə, 65 yaşlı Nüsrət Vahabov şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə nəticəsində Sərraf Vahabova ürək nahiyəsindən bıçaq zərbəsi endirib.
Mərhumun anası Çeşminaz Vahabova İTV-yə bildirib ki, qətl baş verən gün Nüsrət Vahabov içkili olub. Qətlə yetirilən övladı atasına bayram günü spirtli içki içdiyinə görə etiraz edib. Bundan sonra tərəflər arasında mübahisə qətllə nəticələnib.
Qeyd edək ki, Quba rayon prokurorluğundan verilən məlumata görə, mayın 2-si saat 19 radələrində Quba rayonu ərazisində 1987-ci il təvəllüdlü Sərraf Vahabovun öldürülməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.
Aparılmış araşdırmalarla zərərçəkmişin atası 1957-ci il təvəllüdlü Nüsrət Vahabovun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı Sərraf Vahabova ürək nahiyəsindən bıçaqla xəsarət yetirərək onu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Faktla bağlı Quba rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.
N.Vahabov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.
Hazırda cinayət işi üzrə istintaq davam edir.