EFE agentliyi AZƏRTAC ilə hərtərəfli əməkdaşlığı nəzərdə tutan yeni saziş imzalanmasını təklif edib
Əksər ispandilli ölkələr üçün etibarlı informasiya mənbəyi olaraq qəbul edilən İspaniyanın EFE agentliyi AZƏRTAC ilə hərtərəfli əməkdaşlığı nəzərdə tutan yeni saziş imzalanması təklifini irəli sürüb.
Bu təklif Azərbaycan Respublikasının İspaniya Krallığındakı səfiri Ramiz Həsənovun EFE agentliyinin sədri Qabriela Kanyasla görüşü zamanı səslənib.
Azərbaycan Respublikasının Xarici işlər Nazirliyindən verilən məlumata əsasən, görüşdə iki ölkə arasında yüksələn xətt üzrə inkişaf edən münasibətlərin işıqlandırılmasının əhəmiyyəti vurğulanıb, AZƏRTAC və EFE arasında əməkdaşlığın dərinləşdirilməsi barədə fikir mübadiləsi aparılıb.
Görüş çərçivəsində Qabriela Kanyas AZƏRTAC və EFE arasında vaxtilə imzalanmış əməkdaşlıq haqqında memorandumun yenilənməsinə ehtiyac duyulduğunu, bu xüsusda hərtərəfli əlaqələri nəzərdə tutan və mövcud reallıqlara cavab verəcək yeni sənədin hazırlanmasını təklif edib. O, yeni sazişin 2022-ci il ərzində Bakıda və ya Madriddə imzalanmağa hazır olduqlarını bildirib.
Azərbaycanın və İspaniyanın aparıcı informasiya agentlikləri olan AZƏRTAC ilə EFE uzun müddətdir sıx əməkdaşlıq edirlər. 2016-cı ildə Bakıda Dünya Xəbər Agentliklərinin V Konqresi çərçivəsində əməkdaşlıq sazişinin imzalanması və 2019-cu ildə AZƏRTAC-da ispan dili redaksiyasının fəaliyyətə başlaması ilə iki informasiya agentliyi arasında əlaqələr daha da möhkəmlənib. Hər iki agentlik Reuters, Böyük Britaniyanın Press Association, Fransanın France Press, Səudiyyə Ərəbistanının SPA, Avstriyanın APA, Rusiyanın TASS, ümumilikdə 13 mötəbər xəbər agentliyinin də daxil olduğu Dünya Xəbər Agentlikləri Şurasının (NACO) üzvüdür, həmçinin Avropa Xəbər Agentlikləri Alyansında (EANA) təmsil olunur.
Qeyd edək ki, EFE agentliyi dünyanın informasiya reytinqində ilk yerlərdən birini, ispandilli agentliklər arasında birinci yeri tutur. Öz sıralarında üç mindən çox peşəkarı birləşdirən agentlik beş qitənin 2000-dən çox kütləvi informasiya vasitəsini multimedia informasiya məhsulları ilə təmin etmək üçün 120 dövlətin 180-dən çox şəhərində fasiləsiz çalışır. Agentliyin müasir fotojurnalistikanın ən iri kolleksiyalarından biri olan fotoarxivində XIX əsrin ikinci yarısından başlayaraq bu günə qədər dövrü əhatə edən 20 milyondan çox fotoşəkil toplanıb.