Əjdər Olun şikayəti üzrə məhkəmə başlayıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sabiq aparat rəhbəri Əjdər Cəbiyev (Əjdər Ol) barəsindəki hökmdən verilmiş şikayət üzrə məhkəmə prosesi başlayıb.
1news.az APA-ya istinadən xəbər verir ki, Bakı Apellyasiya Məhkəməsində keçirilən ilkin baxış iclasında təqsirləndirilən şəxsin anket məlumatları və apellyasiya şikayətinin dəlilləri dəqiqləşdirilib.
Məhkəmə baxışı iyunun 1-nə təyin olunub.
Xatırladaq ki, Əjdər Cəbiyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla həbs edilib.
İstintaq orqanı tərəfindən toplanmış materiallarla təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 179.3.2-ci (mənsiməmə, külli miqdarda törədildikdə) 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə) 311.3.1, 311.3.2 və 311.3.3-ci (külli miqdarda rüşvət alma) maddələri ilə yekun ittiham elan olunub.
Əjdər Cəbiyev Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə vəzifə səlahiyyətlərindən sui-istifadə, mənimsəmə və külli miqdarda rüşvət almaqda təqsirli bilinərək 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilib.
Əjdər Cəbiyev Azərbaycan Yazıçılar Birliyinin üzvü, Əjdər Ol təxəllüsü ilə tanınan şair-publisistdir.