Birbaşa aviareyslər Azərbaycanı və Monteneqronu yenidən birləşdirəcək
“Azərbaycan Hava Yolları” aviaşirkəti turoperator PAŞA Travel ilə birgə yenidən Monteneqroya çarter reyslərinin yerinə yetirilməsinə başlayacaq.
"Azərbaycan Hava Yolları"nın mətbuat xidmətindən 1news.az-a bildirilib ki, AZAL və PASHA Travel 2022-ci ilin yay uçuş cədvəli çərçivəsində Monteneqroya çarter proqramının bərpası barədə razılığa gəlib. Belə ki, iyunun 30-dan sentyabrın 1-dək Bakı - Tivat-Bakı marşrutu üzrə reyslər hər həftənin cümə axşamı günləri yerinə yetiriləcək.
Monteneqranın müasir kurort şəhəri olan Tivat Vrmas yarımadasında Boka-Kotor körfəzinin sahilində yerləşir. Tivat Beynəlxalq Hava Limanı - Monteneqro sahilində yeganə hava limanıdır və onun ən məşhur kurortları yaxınlığında yerləşir.
Bu istiqamətin əsas üstünlüklərindən biri Azərbaycan vətəndaşları üçün vizasız rejimin tətbiq edilməsidir.
Bakı-Tivat-Bakı marşrutu üzrə aviabiletləri aviadaşıyıcının akkreditə olunmuş agentliklərində əldə etmək mümkündür. Aviabiletin dəyərinə baqajın pulsuz daşınma norması (23 kq-a qədər ekonom sinfində və 32 kq-də biznes sinfində), həmçinin tam çeşiddə soyuq və isti qidalalar daxildir.
Monteneqroya turizm paketləri həmçinin Azərbaycanın bütün turizm agentliklərində satışa çıxarılır.
AZAL və PASHA Travel 2017-ci ildən bu istiqamət üzrə uğurla əməkdaşlıq edir.
Həmin reyslərdə daşıma üçün müəyyən edilmiş daşıma şərtlərinə uyğun gələn və qüvvədə olan epidemioloji məhdudiyyətlər şəraitində uçuşuna icazə verilən sərnişinlər qəbul ediləcək.
Monteneqroya getməyi planlaşdıran bütün sərnişinlərə uçuşdan əvvəl bu ölkəyə daxil olarkən qüvvədə olan qaydalarla aşağıdakı link vasitəsilə tanış olmaq tövsiyə olunur: https://www.azal.az/az/information/covid-montenegro.
Azərbaycana giriş qaydaları haqqında məlumatla aşağıdakı linkdən ətraflı tanış olmaq olar: https://www.azal.az/ru/information/covid-azerbaijan.