Şamaxı türk dünyasının turizm paytaxtı seçilib
Şamaxı şəhəri 2022-ci il üçün "Türk Dünyasının Turizm Paytaxtı" seçilib.
1news.az APA-ya istinadən xəbər verir ki, bu qərar Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci iclası və turizm üzrə işçi qrupunun 17-ci iclasında qəbul edilib.
Türk Dövlətlər Təşkilatı Baş katibinin müavini Mirvahid Əzimov Türk Dövlətləri Təşkilatının turizm nazirlərinin 7-ci iclası və turizm üzrə işçi qrupunun 17-ci iclasından sonra keçirilən mətbuat konfransında bildirib ki, Şamaxının türk dünyasının turizm paytaxtı seçilməsi ilə əlaqədar tədbirlər planı hazırlanıb, təsdiq edilməlidir:
"Bundan başqa turizmin inkişafı üzrə "Yol Xəritəsi" təsdiq olunub. Qış və qolf turizminin inkişafı üçün daha sıx əməkdaşlıq etmək barədə razılığa gəlmişik. Bu, bizim təşkilatın fəaliyyət istiqamətlərində yenilikdir. Buna görə Azərbaycana təşəkkür edirik. Həmçinin turizmin inkişafı üçün ekspertlərin işçi qrupunun təsis edilməsi razılaşdırılıb. Türk ölkələrinin ən yaxşı kəndi layihəsini hazırlayacağıq. Düşünürəm ki, bu, türk dövlətlərində kənd turizminin inkişafına töhfə verəcək və "Ən yaxşı kənd" nominasiyası uğrunda türk dövlətləri öz aralarında rəqabət aparacaqlar".