Çingiz Abdullayev şagirdlərlə görüşdü
“Məktəbdə...” layihəsi çərçivəsində növbəti görüş paytaxtın Ramana qəsəbəsində yerləşən 198 nömrəli tam orta məktəbdə keçirilib.
Bu barədə 1news.az-a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib. Bildirilib ki, BŞTİ tərəfindən reallaşdırılan layihənin budəfəki qonağı Xalq yazıçısı, Azərbaycan Yazıçılar Birliyinin katibi Çingiz Abdullayev olub.
Şagirdlərlə səmimi keçən görüşdə Çingiz Abdullayev məktəb həyatında yaddaqalan hadisələrdən, sevimli müəllimlərindən söz açıb, mütaliənin üstünlükləri, vaxtın düzgün idarə olunması, mənəvi keyfiyyətlərin insan taleyindəki rolundan danışıb. Qonaq məktəblilərə gələcək təhsil pillələri və müstəqil həyat yollarında diqqət yetirməli olduqları məqamlarla bağlı tövsiyələr verib, onları maraqlandıran sualları cavablandırıb.
Qeyd edək ki, “Məktəbdə...” layihəsinin əsas məqsədi şagirdlərə mənəvi-əxlaqi dəyərlərə hörmət, ictimai məsuliyyət hissini aşılamaq, mütaliəyə marağı artırmaq, vaxtın düzgün idarə olunması, sosial şəbəkələrdən asılılığın aradan qaldırılması və mövcud imkanlardan səmərəli istifadə, mühitə adaptasiya yollarını təbliğ etməkdən ibarətdir.