Slovakiya Milli Şurasının sədri Şuşaya səfər edib
Ölkəmizdə səfərdə olan Slovakiya Milli Şurasının sədri Boris Kolların rəhbərlik etdiyi parlament nümayəndə heyəti iyunun 11-də Azərbaycanın mədəniyyət paytaxtı Şuşa şəhərində olub.
Parlamentdən 1news.az-a verilən məlumata görə, qonaqları Milli Məclisin sədr müavini Adil Əliyev, Azərbaycan-Slovakiya parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Anar Məmmədov və digər rəsmi şəxslər müşayiət ediblər.
Şuşaya səfər çərçivəsində qonaqlar Füzuli Beynəlxalq Hava Limanına gəliblər. Onlara Prezident İlham Əliyevin sərəncamı ilə qısa müddətdə tikilərək istifadəyə verilmiş bu hava limanının texniki imkanları barədə məlumat verilib. Slovakiya parlamentinin nümayəndələri Füzuli Beynəlxalq Hava Limanının və tikilməkdə olan Laçın hava limanının maketləri ilə də tanış olublar.
Sonra qonaqlar Füzulidən minalardan təmizləmə işləri aparılan sahəyə gediblər, minalardan təmizləmə işlərinin gedişi ilə yaxından tanış olublar. Burada Slovakiya Milli Şurasının sədri Boris Kolların iştirakı ilə minanın uzaq məsafədən partladılması prosesi həyata keçirilib. Sonra qonaqlar Şuşa şəhərinə yola düşüblər.
Şuşa şəhərində Slovakiya parlament nümayəndə heyətini Prezidentin Şuşa rayonunda xüsusi nümayəndəsi Aydın Kərimov qarşılayaraq, onlara Şuşanın Qala divarları, şəhərin tarixi, işğal dövründəki vəziyyəti və burada aparılan quruculuq işləri barədə danışıb. Parlament nümayəndələrinin diqqətinə çatdırılıb ki, şəhərdəki tarixi abidələr və məscidlər Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın birbaşa nəzarəti altında bərpa olunur. Qonaqlara şəhərdə bərpa olunmuş tarixi abidələr, tikiləcək yeni yaşayış binaları barədə də məlumat verilib.
Sonra parlament nümayəndələri Cıdır Düzündə olublar. Bildirilib ki, qəhrəman əsgərlərimiz böyük şücaət göstərərək sıldırım qayalarla Cıdır Düzünə qalxmış, canları və qanları bahasına Şuşanı işğaldan azad etmişlər. Bu gün Cıdır Düzü işğaldan əvvəl olduğu kimi, möhtəşəm tədbirlərin keçirilməsi məkanına çevrilib.
Slovakiya Milli Şurasının sədri Boris Kollar Şuşada Slovakiyanın STV telekanalına müsahibə verib. Spiker müsahibəsində Şuşanın azad olunmasından, Azərbaycanın görkəmli mədəniyyət xadimləri Xurşidbanu Natəvanın, Bülbülün, Üzeyir Hacıbəylinin ermənilər tərəfindən güllələnmiş heykəllərinin tarixindən danışıb, səfər barədə təəssüratlarını bölüşüb.