Hacıqabulda 8 kəndin yolu yenidən qurulur - FOTO - VİDEO
Hacıqabul rayonunun Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisi ilə bağlı tədbirlər haqqında Azərbaycan Respublikası Prezidentinin Sərəncamına əsasən Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən tikinti işləri davam edir.
Agentlikdən 1news.az-a verilən məlumata görə, 39 km uzunluğa malik Muğan–Birinci Paşalı–İkinci Paşalı–Şorbaçı–Birinci Udullu–Tağılı–İkinci Udullu–Qubalı avtomobil yolunun tikintisi üçün əraziyə kifayət qədər canlı qüvvə və texnika cəlb olunub. Aparılan yenidənqurma işləri çərçivəsində uzun müddət əsaslı şəkildə təmir olunmadan istismar olunan və deformasiyaya uğramış yol 4-cü texniki dərəcəyə uyğun yenidən qurulur.
Layihəyə uyğun olaraq hazırda yolun qabarmış və çökmüş hissələrinin qazılaraq çıxarılması, qazılmış hissələrinin doldurulması, yolun torpaq yatağının qaldırılması və genişləndirilməsi, yararlı qruntun yayılması və lay-lay kipləşdirilməsi, müəyyən hissələrdə yolun genişləndirilməsi, optimal-qırmadaş qarışığı ilə əsasın alt layının, qum-çınqıl qarışığından isə əsasın üst layının tikintisi işləri görülür. Artıq yolun 20 km hissəsində sadalanan işlər, yolun 7 km-lik hissəsində isə yol əsasının tikintisi yekunlaşıb.
2 hərəkət zolağından ibarət olacaq yolun eni 10 metrə qədər genişləndirilir, bura 6 metr hərəkət hissə və 2 metr çiyinlər daxildir.
Marşrut boyu yararsız hala düşmüş müxtəlif diametrli suötürücü borular yeniləri ilə əvəz edilir və zəruri olan yerlərdə isə müxtəlif diametrli yeni dəmir-beton suötürücü borular quraşdırılır. Artıq layihə üzrə 29 suötürücü borunun inşası icra olunub.
Bununla yanaşı layihə çərçivəsində Udulu kəndi ərazisində Pirsaat çayı üzərində yerləşən, artıq istismar müddətini başa vurmuş mövcud metal körpünün əvəzində tikintisi nəzərdə tutulan 3 aşırımlı yeni dəmir-beton körpünün inşası son mərhələdə olmaqla davam edir.
Sonda yolboyu hərəkətin normal təşkili üçün km göstəricisi, yol nişanı, məlumatverici lövhə və siqnal dirəklərinin, dayanacaqların quraşdırılması, həmçinin yolun üfüqi nişanlanma xətlərinin çəkilməsi ilə müasir yol infrastrukturu yaradılaraq vətəndaşların istifadəsinə veriləcək.
Qeyd edək ki, bu avtomobil yolu 12 min nəfər əhalinin yaşadığı 8 yaşayış məntəqəsini birləşdirir. Təbii ki, yolun yenidən qurulması ilə bu yaşayış məntəqələri arasında nəqliyyat əlaqəsi yaxşılaşacaq, yük və sərnişin daşıması asanlaşacaq, kənd təsərrüfatının inkişafına səbəb olmaqla yolboyu yaşayan əhalinin sosial rifah halına müsbət təsir etmiş olacaq.