İnam Kərimov: Azərbaycan kənd təsərrüfatının rəqəmsal transformasiyasında model rolunu oynayır
Azərbaycanda aparılan siyasət inklüziv kənd təsərrüfatının inkişafına dəlalət edir. Burada ətraf mühitə təsir, enerji resurslarının daha səmərəli istifadəsi də nəzərə alınır. Su və digər resurslarının kasadlığı daha sərt tədbirlərin görülməsinə sövq edir. Əhalinin sayı da artır. Kənd təsərrüfatının məhsuldarlığında 30 faiz artım olub. Lakin son 20 ildə torpaqların 3 faizini itirmişik. Növbəti illərdə məhsuldarlığın artımının 50 faizdən çox olmasını nəzərdə tuturuq ki, 10 milyon əhalinin ehtiyacını qarşılayaq. Digər tərəfdən pandemiya, alovlanan münaqişələri də nəzərə almalıyıq. Odur ki, çoxsaylı kompleks tədbirlərin görülməsi vacibdir. Rəqəmsal transformasiya bizim tədbirlərin bir hissəsidir.
1news.az xəbər verir ki, bunu IX Qlobal Bakı Forumu çərçivəsində "Yoxsulluq, aclıq və kənd təsərrüfatı sektorunun dəyişməsi" mövzusunda keçirilən paneldə çıxışı zamanı kənd təsərrüfatı naziri İnam Kərimov deyib.
Azərbaycanda rəqəmsal kənd təsərrüfatına keçid aparıldığını bildirən nazir bunun da məhsuldarlığın, rentabelliyin artımına xidmət etdiyini diqqətə çatdırıb: “Bununla, həmçinin gənc nəsli kənd təsərrüfatına cəlb etmiş oluruq. Bu da dayanıqlılığın təminatında mühüm amildir. Azərbaycan kənd təsərrüfatının rəqəmsal transformasiyasında model rolunu oynayır. Qlobal problemlər tək bir ölkə qarşısında duran məsələ deyil. Mövcud problemlər birgə tədbirlərin görülməsini ehtiva edir”.