Fəxrəddin Kərimov: “Hər bir vətənpərvər “Qarabağ gecəsi” kimi tədbirlərdə iştirak etməyə borcludur”

Qarabağ Dirçəliş Fondunun təşəbbüsü və təşkilatçılığı, Azərbaycan Mədəniyyət Nazirliyinin təşkilati dəstəyi, “Avrora Qrup”un Baş sponsorluğu, “İTALDIZAYN” QSC-nin sponsorluğu ilə 2022-ci il iyunun 26-da Azərbaycan Dövlət Akedemik Filarmoniyasında xeyriyyə konserti keçiriləcək.
“Qarabağ gecəsi” adlı konsertin iştirakçılarından biri olan Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin bədii rəhbəri, Azərbaycan Respublikasının Xalq artisti Fəxrəddin Kərimov olacaq. “1news.az” tədbirin məşq fasiləsində Fəxrəddin Kərimovla görüşə bilib.
“Qarabağa həsr olunmuş belə bir musiqili konsertin keçiriləcəyinə görə qürur duyuram. Bu torpaqların işğaldan azad olunmasına və ölkəmizin ərazi bütövlüyünün bərpa edilməsinə görə cənab Prezident İlham Əliyevə və şanlı Azərbaycan Ordusuna böyük təşəkkür edirəm. Solist heyəti və ifadə edəcəyimiz əsərlər “Qarabağ gecəsi” konsertinin çox maraqlı keçəcəyindən xəbər verir. Səmimi sevinc və böyük qürur hissi ilə iştirak edəcəyimiz konsertdə tamaşaçılar üçün ifa etməyi səbirsizliklə gözləyirik. Tamaşaçılara müraciət edərək onları tədbirə gəlməyə, ifamızı dinləməyə və 44 günlük Vətən Müharibəsində əldə etdiyimiz qələbəni bir daha qeyd etməyə dəvət edirəm”, - Fəxrəddin Kərimov bildirib.
“Çox istərdim ki, kamera orkestrinin bu konserti işğaldan azad edilmiş Şuşa şəhərində - “Azərbaycanın konservatoriyası”nda keçirilsin. Mən özüm də şuşalıyam. Mənim valideynlərim bu gözəl şəhərdə anadan olublar. Ora yenidən getmək, o gözəl havanı udmaq istəyirəm. Şuşanı xatırladıqda və onun haqqında danışdıqda keçirdiyim hissləri sözlə ifadə etmək mümkün deyil”, - Xalq artisti əlavə edib.
F.Kərimov işğaldan azad edilmiş ərazilərə səfər etmək xoşbəxtliyinin hələ də ona nəsib olmadığını bildirib: “Təəssüf ki, məşq və konsertlərlə məşğul olduğumdan hələ ki, oralara getmək mənə nəsib olmayıb. Dəvətlər olub, amma Qara Qarayev adına Azərbaycan Dövlət Kamera orkestrinin konsertləri ilə üst-üstə düşdüyünə görə, səfərlər baş tutmayıb. Doğma torpağa qədəm basacağım və doğma yurdumu görəcəyim anı səbirsizliklə gözləyirəm.
Konsertin xeyriyyə məqsədilə keçirildiyini xüsusilə vuruğulamaq istəyirəm. Bu, çox mühüm və zəruri məsələdir. Xeyriyyə konsertlərinin keçirilməsi ənənəsi qədim tarixə malikdir. Mən bu cür təşəbbüsləri alqışlayıram və hər zaman dəstəkləməyə hazıram. Qarabağ bizim üçün müqəddəs torpaqdır. Konsertdən əldə olunacaq vəsait Qarabağın bərpasına, oraya yenidən həyatın qaytarılması üçün həyata keçirilən tədbirlərə yönəldiləcək. Arzu edən hər kəs “Qarabağ gecəsi” konsertinə bilet almaqla ölkəmiz üçün bu əhəmiyyətli işə öz töhfəsini verə bilər. Hesab edirəm ki, hər bir vətənpərvər bu cür tədbirlərdə iştirak etməyə borcludur”.
Xatırladaq ki, iyunun 26-sı keçiriləcək konsertdə Fəxrəddin Kərimovdan savayı Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının rektoru, Qarabağ Dirçəliş Fondunun Müşahidə Şurasının üzvü, Xalq artisti Fərhad Bədəlbəyli, Xalq artisti Samir Cəfərov, Əməkdar artistlər Aygün Zeynalova, Aygün Bəylər, Arzu Əliyeva, Ceyla Seyidova, “Muğam” televiziya müsabiqəsinin qalibləri Günay İmamverdiyeva, Babək Şuşalı və ifaçı Cəlal Kərimov çıxış edəcəklər.
Bədii hissədən dərhal sonra Filarmoniyanın yay zalında (açıq hava) rəsmi ziyafət baş tutacaq.
Həm konsert, həm də rəsmi ziyafət üçün biletləri iTicket.az saytından və satış məntəqələrindən əldə etmək mümkündür.
Xüsusilə vurğulayaq ki, yuxarıda da qeyd edildiyi kimi konsertdən əldə edilən vəsait işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulması, habelə dayanıqlı iqtisadiyyata və yüksək rifaha malik regiona çevrilməsi, burada ekoloji tarazlığın bərpa olunması istiqamətində həyata keçirilən tədbirlərə yönəldiləcək.
Tədbirin informasiya dəstəkçisi “Azərbaycan Televiziya və Radio Verilişləri” QSC-dir.
Əziz həmvətənlər, sizi konsertə bilet almağa və işğaldan azad edilmiş ərazilərin bərpasına dəstək olmağa dəvət edirik. Gəlin Qarabağı BİRLİKDƏ bərpa edək və onu daha da gözəlləşdirək!
1news.az