Ümumdünya Təbiəti Mühafizə Fondunun nümayəndəsindən azad olunan ərazilərə gedənlərə MÜRACİƏT
Ümumdünya Təbiəti Mühafizə Fondunun (WWF) Azərbaycan Nümayəndəliyinin direktoru Elşad Əsgərov işğaldan azad olunan ərazilərə gedənlərə müraciət edib.
1news.az-ın xəbərinə görə o, bildirib ki, bəzi nadir heyvan növləri oralarda əhali olmayan yerlərdə bərpa olublar.
“Dağ keçiləri, cüyürlər, ayılar, hətta bəbir, ular, Qafqaz tetrası, çaylarda balıqlar və s növlər daha tez-tez rast gəlməyə başlayıb. İnsaf edin, onların nəslini yenidən kəsməyə çalışmayın! O gözəlliyin əhatəsində yaşamağa övladlarımıza şans saxlayın".
Kəlbəcərdə cüyür balasının kənd sakinləri tərəfindən qucaqlanıb sığallanması ilə bağlı sosial şəbəkələrdə yayılan görüntülərə toxunan E.Əsgərov bildirib ki, bu kadrlardakı yoldaşlar kimi də rəftar etməyə çalışmayın.
"İnsanın qoxusu var (öz qoxusu, siqaret, alkoqol qoxusu və s), bu balanın üzərində qalarsa, anası ona yaxın durmayacaq, o da acından öləcək. Qaş düzəltmək istəyib, göz tökməyin. Uzaqdan durub bu gözəlliyi seyr edin. Onu qucaqlayıb sığallamasanız da olar. Onun buna ehtiyacı yoxdur. Yetər ki, onu rahat buraxın”.
Qeyd edək ki, Sosial şəbəkələrdə yayılan görüntülərdən görünür ki, kənd sakinləri heyvana zərər vermək istəmir. Cüyür balası onların yanlarına gəlir deyə, ona qayğı göstərib təbiətə buraxırlar.
Həmin videonu təqdim edirik: