Daha 5 xüsusi təlim keçmiş it minatəmizləmə əməliyyatlarına cəlb olunacaq | 1news.az | Xəbərlər
Cəmiyyət

Daha 5 xüsusi təlim keçmiş it minatəmizləmə əməliyyatlarına cəlb olunacaq

15:00 - 04 / 07 / 2022
Daha 5 xüsusi təlim keçmiş it minatəmizləmə əməliyyatlarına cəlb olunacaq

Qarabağda təhlükəsiz, dayanıqlı və sağlam yaşayış mühitinin yaradılması sahəsində genişmiqyaslı minatəmizləmə əməliyyatlarının aparılması məqsədilə Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) həm maddi-texniki bazasının genişləndirilməsi, həm də potensialın artırılması istiqamətində davamlı işlər görür.

Bu barədə 1news.az-a ANAMA-dan bildirilib.

Məlumata görə, daha 5 baş xüsusi təlim keçmiş it işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarına cəlb olunacaq.

Qeyd olunub ki, Marşal İrsi İnstitutu (Marshall Legacy Institute, MLI) ilə ANAMA arasında imzalanmış Anlaşma Memorandumu çərçivəsində ümumilikdə 30 baş minaaxtaran itdən 25-i artıq Agentliyə təhvil verilib. Qalan 5 baş itin 2023-cü ilin ilk yarım illiyinədək göndərilməsi nəzərdə tutulub. Öncəki mərhələlərdə Azərbaycana göndərilən minaaxtaran itlər öz bələdçisi ilə uyğunlaşma təlimi və Beynəlxalq Minatəmizləmə Standartları (IMAS) üzrə akkreditasiyadan keçirilərək, Qarabağda icra edilən əməliyyatlara cəlb olunublar: "Dörd-ayaqlı yardımçılarımız işğaldan azad edilmiş ərazilərdə minatəmizləmə əməliyyatlarında iştirak edərək, “Böyük Qayıdış” layihəsinin reallaşdırılması istiqamətində təhlükəsiz mühitin yaradılmasında öz xüsusi töhfələrini verir".

Qeyd olunub ki, minaaxtaran itlərin mərhələli şəkildə Azərbaycana gətirilməsi Silk Way West Airlines şirkəti tərəfindən təmənnasız olaraq həyata keçirilir.

1news.az

Paylaş:
188

Son xəbərlər

Bütün xəbərlər