Tahir Əmiraslanov kitablarını niyə yandırdı? - Özü açıqlama verdi
Azərbaycan Milli Kulinariya Assosiyasiyasının rəhbəri Tahir Əmiraslanov şəxsi kitabxanasındakı kitabların bir qismini yandırmasını sosial şəbəkələrdə paylaşıb.
1news.az-ın məlumatına görə, T.Əmiraslanov bununla bağlı paylaşımda qeyd edib:
“Hər dəfə əsəbiləşəndə kitablarımın və arxivimin bir hissəsini töküb yandırıram. Həm əsəblərim sakitləşır, həm ev boşalır, həm də ağcaqanadlar uzaqlaşır. Kitablar, diplomlar və s. yaxşı yanır. Mən bunları Milli Mətbəx Muzeyinə qoymaq üçün toplayırdım. Ölkəmə lazim olmayan şeylərin üstündə niyə əsməliyəm ki…”, - deyə Milli Kulinariya Assosiyasiyasının rəhbəri vurğulayıb.
Tahir Əmiraslanovun bu addımı bəzi sosial şəbəkə istifadəçiləri tərəfindən qınanıb..
T.Əmiraslanov bununla bağlı yenidən paylaşım edərək bildirib:
“Kitablarımı yandırmağıma yüzlərlə rəy bilidirilib. Müxtəlif yozumları qarşılamaq üçün səbəbini açıqlayıram.
1. İnsanlarımızın kitab oxumamalarına və bununla ölkəmizi geri çəkmələrinə etiraz edirəm.
2. Natıonal Geoqrafik kimi böyük bir resursda mətbəximiz təhrif edilir, mətbəxi qorumaq üçün yaradılmış qurum bunu təkzib etmir, cavablandırmır. Buna etirazımı bildirirəm.
Bunları yozmaq lazım deyil”.