Abituriyentlər ixtisas seçimində nələrə diqqət etməlidir? - Ekspert detalları açıqlayır

Qəbul imtahanları bitmək üzrədir və artıq bir çox abituriyent və onların valideyinlərini ixtisas seçimi, yarana biləcək problemlər, ümumiyyətlə seçim zamanı nələrə diqqət edilməlidir, balı az olub, kəsilmə riski olan abituriyentlərin nə edə biləcəkləri ilə bağlı suallar maraqlandırır.
Bu suallara aydınlıq gətirmək üçün təhsil eksperti Kamran Əsədova müraciət etdik.
1news.az -a açıqlama verən Kamran Əsədov qeyd edib ki, artıq qəbul imtahanlarının bir mərhələsi başa çatıb, abituriyentlər ilkin balları ilə məlumatlıdırlar.
“Daha ciddi bir mərhələ bundan sonra başlayır. İmtahanda iştirak edib müsabiqədə iştirak etmək hüququ qazanmış abituriyentlərin qarşısında öz ixtisas seçiminə bir daha nəzər salmaq, seçimini dəqiqləşdirmək və təsdiqləmək (rəsmiləşdirmək) vəzifəsi durur. Bu məqamda düzgün, ağıllı qərar qəbul etmək, öz istəyi ilə bərabər mövcud müsabiqə vəziyyətinin reallıqlarını – ixtisaslar üzrə plan yerlərini, müsabiqədə iştirak edən abiturientlərin imtahan nəticələrinin bal intervalları üzrə paylanmasını, öz fərdi imtahan göstəricilərinin bu sıralamadakı yerini, həmçinin ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid ballarını nəzərə almaq seçimin uğurlu olmasına müsbət təsir göstərə bilər”.
“Əvvəlcə abituriyentlər arasında bəzən düzgün anlaşılmayan bir məsələyə aydınlıq gətirmək istəyirəm” – deyə, ekspert əlavə edib:
“Müsabiqədə iştirak etmək üçün tələb olunan minimal bal həddi ilə hər hansı ixtisasa keçid balı arasında fərq varmı, yoxsa bunlar eynidir? Əlbəttə, bunlar tamamilə fərqli anlayışlardır. Müsabiqə şərti DİM tərəfindən bu və ya digər ixtisas qrupu, yaxud ixtisas üzrə müsabiqəyə buraxılmaq üçün qoyulan minimal tələbdir. Bu o deməkdir ki, hər bir qrup üzrə ixtisasların müsabiqəsində yalnız tələb olunan müsabiqə şərtlərini ödəmiş abituriyentlər iştirak edə bilərlər.
Keçid balı isə müsabiqə aparıldıqdan sonra hər ixtisas üzrə ayrı-ayrılıqda formalaşan və müvafiq ixtisasa ən aşağı balla qəbul olan abiturientin balına bərabər olan göstəricidir. Keçid balı müəyyən ixtisas üzrə müsabiqədə iştirak edən abituriyentlərin sayı, həmin ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələrindən asılı olur. Fərz edək ki, hər hansı ixtisas üzrə qəbul planı 35 yerdən ibarətdir. Həmin ixtisası ərizəsində müsabiqə şərtlərini ödəmiş 185 nəfər göstərib. Bu zaman həmin 185 nəfərdən ən yüksək bal toplayan 35 abituriyent bu ixtisasa qəbul edilir və 35- ci abituriyentin balı həmin ixtisas üzrə formalaşmış keçid balı olur”.
Kamran Əsədov deyib ki, imtahan verən şəxslər ötən illərin tələbə qəbulu müsabiqəsində ayrı-ayrı ixtisaslar üzrə formalaşmış keçid balları ilə maraqlanmalıdırlar.
“Bu vacibdir, çünki onlar ixtisas seçimi zamanı düzgün istiqamət götürməkdə abituriyent üçün oriyentir rolunu oynaya bilər. Yuxarıda qeyd etdiyim kimi, ayrı-ayrı ixtisaslar üzrə minimal keçid balları müvafiq ixtisası öz ərizəsində göstərən abituriyentlərin sayı, ixtisas üzrə plan yerləri və abituriyentlərin imtahan nəticələri əsasında formalaşır. Bu göstəricilərə əsasən hər il keçid ballarında müəyyən dəyişmə müşahidə olunsa da, oxşar, təkrarlanan meyillər, tendensiyalar da özünü göstərir".
Humay Əliyeva