Misir nəşri Bakının tarixindən yazıb
Misirin “Əl Masdar” nəşrində Azərbaycanın paytaxtı qədim Bakının tarixindən bəhs edən məqalə dərc olunub.
1news.az xəbər verir ki, məqalədə Qız qalası və Şirvanşahlar sarayının əcnəbi turistlərin ən çox sevdiyi məkanlar olduğu, Bakının İçərişəhər hissəsini əhatə edən qala divarları haqqında məlumat verilib.
Yazıda diqqətə çatdırılıb ki, tarixən Bakı Şərqin böyük şəhərlərindən olub. Ərəb səyyahı Əbu Düləfin (X əsr) məlumatına görə, Bakıdakı iki neft yatağından ildə təqribən 720 min dirhəm gəlir əldə edilirmiş. Feodal münasibətlərin, ticarətin və sənətkarlığın inkişafı şəhərin inkişafına şərait yaradıb. IX əsrin ikinci yarısında Abbasilər xilafətinin zəifləməsi və mərkəzi hakimiyyətdən uzaqlaşmaq meyillərinin qüvvətlənməsi bir sıra müstəqil dövlətlərin yaranmasına səbəb olub. Belə dövlətlərdən biri də Şirvanşahlar dövləti idi. Bakı X əsrin axırlarında Şirvanın əsas şəhərlərindən birinə çevrilib. Əhali sənətkarlıq, ticarət, bağçılıq, bostançılıq, üzümçülük, baramaçılıq, əkinçilik, neftçıxarma, balıqçılıq və s. ilə məşğul olurdu. Bakı şəhəri tarixin müxtəlif dövrlərində yadelli işğalçıların hücumlarına məruz qalıb.
Məqalədə Bakının monqol istilası, Səfəvilər dövləti və çar Rusiyası dövrlərindən də bəhs edilib.
Sonda qeyd olunub ki, müasir Azərbaycanın paytaxtı bu gün dünyanın ən sürətlə inkişaf edən və gözəl şəhərlərindən biridir.