Kameralar vasitəsi ilə yalanları aşkar edə bilən yüksək texnologiyalı yalan detektorları hazırlanır | 1news.az | Xəbərlər
Cəmiyyət

Kameralar vasitəsi ilə yalanları aşkar edə bilən yüksək texnologiyalı yalan detektorları hazırlanır

14:52 - 14 / 07 / 2022
Kameralar vasitəsi ilə yalanları aşkar edə bilən yüksək texnologiyalı yalan detektorları hazırlanır

Prof. Hanein və onun həmkarı Prof. Dino Levy yeni yalan detektoru metodu hazırlamaq üçün İsraildəki Tel-Əviv Universitetində komandaya rəhbərlik edir.

1news.az BBC news-a istinadən xəbər verir ki, onlar iki növ yalançı müəyyən etdiklərini deyirlər. Bəziləri yalan danışarkən qeyri-ixtiyari qaşlarını tərpədir, bəziləri isə dodaqlarının yanaqları ilə qovuşduğu yerdə çox yüngül bir hərəkət edir. Komandanın proqram təminatı və alqoritmi indi yalanların 73 faizini aşkar edə bilir.

Prof. Hanein “bir yalanı gizlətməyə çalışarkən hər hansı bir bədən reaksiyasından qaçırsınız ” deyir. “Amma bu texnologiya ilə bir yalan gizlətmək çox amma çox çətindir” - deyə Prof. Levy əlavə etdi.

Yalan aşkarlama üsulları qədim dövrlərə gedib çıxır. İlk sənədləşdirilmiş nümunələrdən biri, təxminən üç min il əvvəl şübhəlinin ağzını quru düyü ilə dolduran Çin üsuludur. Ağza qoyulan taxıl bir müddət sonra yoxlanılır, quru qalsa adam günahkar sayılırdı. Nəzəriyyə belə idi ki, şübhəli həqiqətən yalan danışsaydı, onun ağzı qorxu və ya gərginlikdən quruyardı.

İlk yalan detektorları 20-ci əsrin əvvəllərində icad edilmişdi. Bunlardan ən məşhuru kağız üzərində üç və ya dörd mürəkkəblə doldurulmuş iynənin hərəkəti ilə ölçülən analoq poliqrafdır. Bu maşın da şübhəli şəxs bir sıra suallara cavab verir, barmaqlarına, qollarına və bədəninə taxılan sensorlar onun nəbzini, tənəffüs dərəcəsini, qan təzyiqini və tərləməsini ölçür. Ancaq bu maşınların dəqiqliyi və aldadılma ehtimalı ilə bağlı narahatlıqlar var. Buna görə də bütün dünyada tədqiqatçılar və texnologiya firmaları daha təkmil poliqraf istehsal etmək üçün çalışırlar.

Hollandiyanın Erasmus Universitetindən Dr. Sebastian Speer və komandası bir insanın yalan danışdığını və ya aldatdığını müəyyən etmək üçün MRT cihazından istifadə edir. Onlar bunu bir sıra suallara cavab verərkən beyin skanındakı rəng dəyişikliklərinə baxaraq edirlər.

Hazırda istifadə olunan yüksək texnologiyalı yalan aşkarlama sistemlərindən biri olan ABŞ-ın Converus şirkətinin EyeDetect proqramı qeyri-iradi göz hərəkətlərinə diqqət yetirir. Maşının qoşulduğu şəxsə bəli, xeyir və ya doğru, yanlış cavabları olan suallar verilir. Göz izləmə proqramı cavabları izləyir və təhlil edir. Nəticələr beş dəqiqə ərzində mövcuddur və dəqiqlik nisbəti 86-88 faizdir. "EyeDetect"-in 50 ölkədə 600-dən çox müştərisi var. Bunlara, 65-i ABŞ olmaqla dünyanın 100-ə yaxın hüquq-mühafizə orqanı daxildir. Şirkətin baş direktoru Todd Mickelsen deyir ki, test həm polis, həm də özəl sektor tərəfindən cinayətləri açmaq, narkotik istifadəsini anlamaq, iş müraciətlərində deyilən yalanları aşkar etmək və terrorla əlaqələri görmək üçün istifadə olunur. Bununla belə, vurğulamaq lazımdır ki, yalan detektorlarının qanuniliyi ölkədən ölkəyə fərqlidir.

Keçmiş CIA zabiti Kristofer Burgess xəbərdarlıq edir ki, yalan detektorları cinayətkarları və ya casusları aşkar edərkən istifadə olunan yeganə sübut kimi qəbul edilməməlidir. Hazırda təhlükəsizlik üzrə analitik kimi çalışan Burgess deyir ki, qurğular qəti şəkildə dəqiq deyildi və onun özü 1990-cı illərin ortalarında səhv sınaq nəticəsində günahlandırılıb.

Təl-Əviv Universitetinin tədqiqatçıları ümid edirlər ki, zaman keçdikcə elektrodlar videokameralar və üz əzələlərinin hərəkətlərini uzaqdan və ya hətta internet bağlantısı ilə aşkar edə bilən proqram təminatı ilə əvəz olunacaq.

Humay Əliyeva

Paylaş:
439

Son xəbərlər

Bütün xəbərlər