Vilyam Hacıyev son söz üçün məhkəmədən vaxt istəyib | 1news.az | Xəbərlər
Cəmiyyət

Vilyam Hacıyev son söz üçün məhkəmədən vaxt istəyib

14:22 - 18 / 07 / 2022
Vilyam Hacıyev son söz üçün məhkəmədən vaxt istəyib

İmişlinin sabiq icra başçısı Vilyam Hacıyevin cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

1news.az APA-ya istinadən verdiyi xəbərə görə, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azər Paşayevin sədrliyi ilə keçirilən prosesdə Vilyam Hacıyevin vəkili Yusif İsmayılov çıxış edib.

O, prokurorun tələb etdiyi cəzanı ağır qiymətləndirib. Onun sözlərinə görə, Vilyam Hacıyevin Azərbaycan dövlətinə xidmətləri olub və buna görə də təltif olunub: “Bunun üçün ona etimad göstərilib. Vilyam Hacıyev də bu etimadı doğruldub. Bütün bu hallara qiymət verilməlidir. Bir səhvə görə xidmətlərin üstündən xətt çəkmək olmaz. Cəzanın təyin olunması da islah olunmaq deməkdir. Prokuror çıxışında Cinayət Məcəlləsinin 62 və 70-ci maddələrinin tələblərini nəzərə almayıb".

Vəkil deyib ki, Vilyam Hacıyevin səhhətində problemlər var: "Məhkəmə prosesi bir neçə dəfə Vilyam Hacıyevin səhhəti ilə bağlı dayandırılıb. Bununla bağlı məhkəməyə rəsmi cavab da verilib".

Vəkil çıxışının sonunda Vilyam Hacıyevin barəsində olan cinayət işinə bəraətverici əsaslarla xitam verilməsini istəyib.

Bundan sonra Vilyam Hacıyev son sözünə hazırlaşmaq üçün hakimdən vaxt istəyib.

Məhkəmə iyulun 25-ə qədər fasilə elan edib.

Qeyd edək ki, prokuror çıxışında Vilyam Hacıyevin 13 il azadlıqdan məhrum edilməsini istəyib.

Xatırladaq ki, Vilyam Hacıyev Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən keçirilən əməliyyatla saxlanılıb. Sabiq icra başçısı Cinayət Məcəlləsinin 179.3.2-ci (külli miqdarda mənimsəmə və ya isriaf etmə, 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.3 (rüşvət alma (passiv rüşvətxorluq), külli miqdarda törədildikdə) 313-cü (vəzifə saxtakarlığı) və 228-ci (qanunsuz silah saxlama) maddələri ilə ittiham olunur.

1news.az

Paylaş:
317

Son xəbərlər

Bütün xəbərlər