Məhərrəm ayında toy etmək olar, yoxsa yox?
Artıq bu gündən müsəlman aləmində, o cümlədən ölkəmizdə məhərrəm ayı başlayır. Müsəlmanlar, xüsusən də şiə məzhəbinin nümayəndələri Məhərrəm və Səfər ayında, yəni 60 gün ərzində matəm saxlayır, toy və mərasim keçirməkdən imtina edirlər.
Lakin buna heç də Azərbaycanın bütün rayonlarında əməl edilmir. Belə ki, bəzi bölgələrimizdə yaşayan insanlar digər aylarda olduğu kimi Məhərrəmlik dövründə də toy-nişan mərasimlərinə davam edirlər. Buna görə də həmin məsələ ilə bağlı həmişə mübahisəli fikirlər yaranır.
1news.az hətta din xadimlərinin belə fikirlərində ziddiyyət yaradan bu məsələ ilə bağlı ilahiyyatçı Elşad Miri ilə əlaqə saxlayıb.
"Bir şeyi unutmaq olmaz ki, əsas “Qurani-Kərim”dir və “Quran”da hansı ayda, yaxud hansı gündə toy edib-etməməklə bağlı heç bir məhdudiyyət yoxdur" deyən ilahiyyatçı bu ayda toy məclislərindən imtina etməyin düzgün olmadığını bildirib:
"Bu gün insanlar peyğəmbərin bir nəvəsinə görə iki ay yas saxlayırlar və toy etmirlər. Bəs həmin insanlar 44 günlük müharibənin ildönümündə də şəhidlərimizə görə yas saxlayacaqmı? Həmin dövrdə də toy etmək məsələsinə bu cür ciddi və həssas yanaşacaqlarmı? İnanmıram. Ola bilər ki, bir insanın yaxını vəfat edər və o, həmin günlərdə toy etmək istəməz. Bu onun haqqıdır. Amma bunu ümumiləşdirərək din adı altında yaymaq qətiyyən doğru deyil".
İlahiyyatçıların bu məsələ barəsində fikir bildirərkən şəxsi düşüncələrini diktə etmək yerinə, “Quran”ı əsas götürməli olduğunu vurğulayan Elşad Miri Məhərrəm ayında toy etməyin uğursuzluq gətirəcəyinə inanan və qınaqlardan çəkinən insanlarla bağlı da danışıb:
"Zaqatala, Balakən zonalarında illərdir ki, məhərrəmlik ayında da toy edilir və buna görə heç kəs heç kəsi qınamır, əksinə, hər kəs o toyda iştirak edir və bunu birlikdə qeyd edirlər. Mən də daxil olmaqla ilahiyyatçıların nə dediklərinə yox, dediklərinin “Quran”a uyğun olub-olmadığına baxın. “Mənim fikrim belədir” deməklə olmur. De görüm, bu dediklərin “Quran”da var, yoxsa yoxdur?"
Ayşən İsmayılova












