Azərbaycan Ordusundan “Qisas” əməliyyatı - Bu yüksəkliklər nəzarətə götürüldü - VİDEO - YENİLƏNİB | 1news.az | Xəbərlər
Cəmiyyət

Azərbaycan Ordusundan “Qisas” əməliyyatı - Bu yüksəkliklər nəzarətə götürüldü - VİDEO - YENİLƏNİB

Qafar Ağayev19:10 - 03 / 08 / 2022
Azərbaycan Ordusundan “Qisas” əməliyyatı - Bu yüksəkliklər nəzarətə götürüldü - VİDEO - YENİLƏNİB

Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri 10 noyabr 2020-ci il tarixli Bəyanatın müddəalarını kobud surətdə pozaraq avqustun 3-də Azərbaycan Ordusunun bölmələrinə qarşı terror-təxribat əməli törədib.

1news.az xəbər verir ki, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin yaydığı məlumatda deyilir.

Bildirib ki, Terror-təxribat nəticəsində hərbi qulluqçumuz əsgər Kazımov Anar Rüstəm oğlu şəhid olub.

“Bundan əlavə, qeyri-qanuni erməni silahlı dəstələrinin ünsürləri Kəlbəcər və Laçın rayonlarının ərazisini əhatə edən dağ silsiləsində yerləşən Qırxqız yüksəkliyini ələ keçirmək və orada yeni döyüş mövqelərini qurmağa cəhd göstərib.

Azərbaycan Ordusu bölmələrinin keçirdiyi “Qisas” cavab əməliyyatı nəticəsində Qırxqız yüksəkliyi, həmçinin Kiçik Qafqaz dağ silsiləsinin Qarabağ silsiləsi boyu Sarıbaba və bir sıra digər əhəmiyyətli hakim yüksəkliklər nəzarətə götürüb. Hazırda bölmələrimiz tərəfindən əlverişli hədlərdə yeni mövqelərin qurulması və təminat yollarının çəkilməsi üzrə mühəndis işləri görülür.

Əməliyyat çərçivəsində qeyri-qanuni erməni silahlı ünsürlərinin bir neçə döyüş mövqeyi dağıdılıb, keçmiş Ağdərə rayonunun Yuxarı Oratağ yaşayış məntəqəsindəki hərbi hissəyə havadan zərbə endirilib. Nəticədə, qanunsuz erməni silahlılarının canlı qüvvəsi məhv edilib və yaralanıb, həmçinin bir neçə D-30 haubitsası, hərbi nəqliyyat vasitələri və çoxlu sayda döyüş sursatları məhv edilib.

Azərbaycan Respublikası dəfələrlə bildirmişdir ki, üçtərəfli bəyanata zidd olaraq Ermənistan silahlı qüvvələrinin və qanunsuz erməni silahlı birləşmələrinin Rusiya Federasiyası sülhməramlılarının müvəqqəti yerləşdirildiyi Azərbaycan ərazilərində mövcudluğu təhlükə mənbəyi olaraq qalır. Həmin ərazilərin demilitarizasiyası, Ermənistan qoşunlarının oradan tam çıxarılması və qanunsuz erməni silahlı ünsürlərinin tərksilah edilməsi mütləq şəkildə labüddür.

Müdafiə Nazirliyi bəyan edir ki, Azərbaycan Respublikasının Konstitusiyasını rəhbər tutaraq bundan sonra ölkəmizin suveren ərazilərində törədiləcək istənilən terror və təxribatın qarşısı qətiyyətlə alınacaq və əks cavab tədbirləri daha da sarsıdıcı olacaq”. deyə, məlumatda qeyd olunub.

***

Saat 17:13

Azərbaycan Ordusu bu gün keçirdiyi antiterror tədbirləri ilə şəhidimizin qisasını alıb.

1news.az-ın Trend-ə istinadən verdiyi məlumata görə, Azərbaycan Ordusu tərəfindən antiterror əməliyyatı keçirilib.

Terrorçuların artilleriya hərbi hissəsi və bir postu darmadağın edilib. Erməni tərəfində ölən və yaralananlar var.

Son günlər baş verənlər, eləcə də Ermənistan tərəfinin açıqlamaları və provokasiyaları gərginliyin baş verəcəyinə dəlalət edirdi. Ermənistan Təhlükəsizlik Şurasının sədri Armen Qriqoryan Laçın dəhlizi ilə bağlı Ermənistan ərazisi haqda danışırmış kimi açıqlamalar verirdi.

Xatırladaq ki, Rusiya Federasiyası sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələrinin üzvləri avqustun 3-ü səhər saatlarında Laçın rayonu istiqamətində yerləşən Azərbaycan Ordusunun bölmələrinin mövqelərini intensiv atəşə tutub. Atəş nəticəsində Azərbaycan Ordusunun müddətli həqiqi hərbi xidmət hərbi qulluqçusu əsgər Kazımov Anar Rüstəm oğlu aldığı güllə yarasından şəhid olub.

Paylaş:
1324

Son xəbərlər

Bütün xəbərlər