Ombudsman əməkdaşları müvəqqəti saxlama yerinə baş çəkiblər
Azərbaycan Respublikasının İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) Səbinə Əliyevanın tapşırığına əsasən, Ombudsmanın Milli Preventiv Qrupunun (MPQ) üzvləri tərəfindən Daxili İşlər Nazirliyinin İnsan Alverinə Qarşı Mübarizə Baş İdarəsinin Müvəqqəti Saxlama Yerinə (MSY) əvvəlcədən xəbərdarlıq etmədən başçəkmə həyata keçirilib.
1news.az xəbər verir ki, MPQ-nin həkim və psixoloq üzvlərinin də iştirak etdiyi başçəkmə zamanı MSY-nin kameralarına, tibb, görüş, mətbəx otaqlarına, gəzinti yerinə baxış keçirilib.
MSY-nin bütün kameralarının təmir olunduğu, saxlanılan şəxslərə tibbi xidmət göstərilməsi üçün ayrılmış tibb otağının lazımi inventarlar və dərman preparatları ilə təchiz olunduğu müşahidə edilib.
Başçəkmənin sonunda müəssisə rəhbərliyi və əməkdaşları ilə görüş keçirilib, maarifləndirici söhbət aparılıb, saxlanma şəraitinin, sənədləşmə işinin təkmilləşdirilməsi ilə bağlı tövsiyələr verilib.