Fövqəladə hallarda davranış qaydaları ilə bağlı maarifləndirmə tədbirləri keçirilib - FOTO

Fövqəladə Hallar Nazirliyinin (FHN) aidiyyəti qurumları tərəfindən fövqəladə hallarla bağlı davranış qaydaları barədə əhalinin maarifləndirilməsi məqsədilə silsilə tədbirlər keçirilib.
1news.az-ın FHN-in saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Dövlət Yanğın Nəzarəti Xidmətinin mütəxəssislərinin də iştirakı ilə Cənub Regional Mərkəzi tərəfindən Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının İstisu qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəliyində və ərazidə yerləşən meşə massivlərində, meşəətrafı ərazilərdə, Şimal-qərb Regional Mərkəzi tərəfindən İsmayıllı rayon Heydər Əliyev adına Mədəniyyət Mərkəzinin və İsmayıllı rayon Statistika idarəsinin əməkdaşlarının iştirakı ilə sözügedən Mədəniyyət Mərkəzində, Muğan Regional Mərkəzi tərəfindən Biləsuvar Suvarma Sistemləri idarəsində, Qarabağ Regional Mərkəzi tərəfindən isə Dövlət Sosial Müdafiə Fondunun Bərdə Rayon Şöbəsində maarifləndirmə tədbirləri keçirilib.
Tədbirlərin keçirilməsində məqsəd baş verə biləcək təbii və texnogen xarakterli fövqəladə hadisələrlə bağlı zəruri davranış qaydaları barədə vətəndaşlara müvafiq biliklərin verilməsi olub.
Tədbirlərdə fövqəladə halların təsnifatı, ölkəmiz üçün xarakterik olan fövqəladə hallar, o cümlədən yanğınların baş vermə səbəbləri və bu zaman zəruri davranış qaydaları barədə ətraflı məlumat verilib, FHN-in “112” qaynar telefon xəttinin təyinatı izah olunub, ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları əyani şəkildə nümayiş etdirilib.
İnteraktiv formada keçirilən tədbirlər zamanı suallar ətraflı cavablandırılıb.

