“İrəli” İctimai Birliyinin VIII hesabat-seçki konfransı keçirilib
“İrəli” İctimai Birliyinin VIII hesabat-seçki konfransı keçirilib.
Birliyin Mətbuat xidmətindən 1news.az-a verilən məlumata görə, konfrans öncəsi Fəxri Xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarı və Şəhidlər xiyabanı ziyarət olunub.
Hesabat-seçki konfransında dövlət qurumlarının, qeyri-hökumət təşkilatlarının nümayəndələri, media mənsubları və 500-ə yaxın gənc iştirak edib.
Konfrans Dövlət Himninin səsləndirilməsi, Ümummilli lider Heydər Əliyevin, habelə ölkəmizin müstəqilliyi və suverenliyi uğrunda canlarından keçmiş Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə öz işinə başlayıb.
Daha sonra təşkilatın hesabat dövründəki fəaliyyəti haqqında videoçarx təqdim edilib.
Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyinin Gənclərlə iş şöbəsinin müdiri Fuad Babayev, Gənclər Fondunun Gənclər təşkilatları ilə iş şöbəsinin müdiri Faiq Məmmədov, Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin icraçı direktoru Aygün Əliyeva, YAP Gənclər Birliyinin sədri Bəxtiyar İslamov və millət vəkili Vüqar İskəndərov çıxışlarında təşkilatın son seçki ili ərzindəki fəaliyyətini yüksək qiymətləndiriblər.
Daha sonra “İrəli” İctimai Birliyinin İdarə Heyətinin sədri Şahin Rəhmanlı hesabat məruzəsi ilə çıxış edib. İdarə Heyətinin sədri dövlət gənclər siyasətinin Azərbaycan gənclərinə yaratdığı əvəzsiz imkan və fürsətlərə, eləcə də gənclərə göstərilən diqqət və qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev cənablarına təşkilatın üzvləri adından öz dərin minnətdarlığını bildirib, Azərbaycan gəncliyinin göstərilən yüksək etimadı doğrultmaq üçün bundan sonra da böyük şövq və əzmlə çalışacağını bəyan edib. Diqqətə çatdırılıb ki, təşkilat tərəfindən son iki ildə 53 layihə həyata keçirilib. Həyata keçirilən layihələrdə 26,247 nəfər birbaşa olaraq iştirak edib. Bununla yanaşı, 278 tədbir, 208 təlim, 326 seminarın icrası uğurla başa çatdırılıb.
Birliyin media qurumları ilə sıx əməkdaşlıq etdiyini bildirən Ş.Rəhmanlı qeyd edib ki, 2020-ci ilin may ayından 2022-ci ilin avqust ayınadək mətbuatda 924 xəbər dərc olunub, ümumilikdə 1,063,130 baxış qeydə alınıb.
İdarə Heyəti sədrinin hesabatı dinlənildikdən sonra konfransın təşkilat komitəsinin sədri çıxış edərək, Birliyin hesabatı, yeni tərkibdə İdarə Heyəti və onun sədrinin ümumi yığıncağın iştirakçıları tərəfindən seçilməsi barədə məlumat verib. Səsvermə qaydaları elan olunduqdan sonra səsvermə keçirilib, İdarə Heyəti sədrinin hesabatı qəbul edilib.
Daha sonra yığıncaqda təşkilatın yeni tərkibdə İdarə Heyətinin seçilməsi məsələsi müzakirə olunub. Namizədlərin adları elan edildikdən sonra İdarə Heyətinə seçkilər keçirilib. Şahin Rəhmanlı, Azər Əmirov, Elvin Səhətbəyli, Fatimə Məsimli, Anar Qurbanov, Kənan Əliyev, Orxan Rüstəmov, Ramtiq Alızadə və Gövhər Ağazadə Birliyin İdarə Heyətinin üzvləri seçiliblər.
“İrəli” İctimai Birliyinin yeni tərkibdə İdarə Heyəti formalaşdıqdan sonra İdarə Heyətinin sədri vəzifəsinə namizədlərin adları elan olunaraq, seçkilər keçirilib. Şahin Rəhmanlı yenidən iki il müddətinə təşkilatın İdarə Heyətinin rəhbəri seçilib.
“İrəli” İctimai Birliyinin sədri Şahin Rəhmanlı göstərilən etimada görə Birlik üzvlərinə təşəkkürünü bildirib, bundan sonra da gənclərin hərtərəfli inkişafı istiqamətində öz səylərini əsirgəməyəcəyini qeyd edib.