Firdovsi Əliyev: “Yanaraq məhv olunmuş meşələrdə bərpa işləri aparılacaq”

“Yanğın baş vermiş ərazilər xəritələşdiriləcək və yanaraq məhv olmuş meşə sahələrində payız ağacəkmə mövsümündə mərhələlərlə meşəbərpa tədbirləri həyata keçiriləcək”.
1news.az xəbər verir ki, bunu 2022-ci ilin avqust ayında Azərbaycan ərazisində baş vermiş yanğın hadisələri ilə bağlı Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi, Fövqəladə Hallar Nazirliyi və Ekologiya Nazirliyinin nümayəndələrinin iştirakı ilə mətbuat konfransında ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyev deyib.
O, bildirib ki, ilk mərhələdə yanmış və bioloji inkişafı mümkün olmayan ağacların götürülərək ərazinin iqlim şəraitinə və həmin ərazidəki ağac növlərinə uyğun meşəcinsli toxumlar səpiləcək, tinglər əkiləcək.
“ Bununla bağlı qardaş ölkə Türkiyənin təcrübəsinə nəzər yetirmək lazımdır. Türkiyədə meşə yanğınları baş verən ərazilərdə tinglər əkilməyə başlanıldı və tez bir zamanda da həmin tinglər inkişaf edir”.
"Sevindiricidir ki, bütün meşə örtüyü məhv olmayıb. Yanan ərazilərin monitorinqi davam etdirilir, monitorinqlər başa çatdıqdan sonra meşəbərpa tədbirlərinə başlanılacaq" - deyə, nazir müavini qeyd edib.
1news.az