Bakı metrosu yeni tədris ilində sərnişindaşımaya necə hazırlaşır? - AÇIQLAMA | 1news.az | Xəbərlər
Cəmiyyət

Bakı metrosu yeni tədris ilində sərnişindaşımaya necə hazırlaşır? - AÇIQLAMA

Qafar Ağayev17:26 - 02 / 09 / 2022
Bakı metrosu yeni tədris ilində sərnişindaşımaya necə hazırlaşır? - AÇIQLAMA

Ölkəmizdə yeni tədris ilinin başlamasına çox az vaxt qalıb.

Ali və orta ixtisas təhsili müəssisələrinin əksəriyyəti paytaxt Bakıda olduğundan yavaş-yavaş Bakıda insan sıxlığının artmasının şahidi oluruq. Bu da o deməkdir ki, təhsil müəssisələri tam açılanda ictimai nəqliyyatdan – avtobuslardan, metrodan istifadə edənlərin sayında artım olacaq. Bəs "Bakı Metropoliteni" QSC yeni tədris ilində sərnişindaşımaya necə hazırlaşır?

"Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov 1news.az-ın sorğusuna cavab olaraq bildirib ki, sərnişindaşıma prosesində Bakı Metropoliteni də yeni tədris mövsümünün açılmasına hazırlıqlarını görür.

Bəxtiyar Məmmədov

“İstər sərnişindaşıma ilə bağlı qatarların hərəkət qrafiki, istərsə də stansiya infrastrukturları, xüsusən də eskalatorların iş rejimi ilə bağlı Metropoliten avqustun əvvəlindən monitorinqlərə başlayıb. Artıq sıxlaşdırma və monitorinqlərin istiqaməti də məhz qeyd etdiyim məsələ ilə bağlı bir qədər də dəyişdirilib. Bununla belə sərnişindaşıma xüsusi nəzarət altında saxlanılır və günün tələbinə uyğun olaraq ehtiyat qatarların xəttə verilməsi qaydalarına da, vaxtına və rejiminə xüsusi diqqət yetirilir. Ümumən götürdükdə, Metropoliten yeni tədris ilinin başlaması ərəfəsində həm tam hazırlıqlı olacaq, həm də bütün dəyişikliklərlə bağlı ictimaiyyəti məlumatlandıracaq”.

B.Məmmədov deyib ki, təbii olaraq intervallarda dəyişikliklər ediləcək.

“Metropolitendə 2019-cu ilə qədər olan dövrdən fərqli olaraq, daim qeyd etdimiz kimi pandemiya şəraiti və xüsusi karantin rejimi nəzərə alınaraq bir sıra məsələlərə xüsusi qaydada baxılacaq. Metropoliten bundan sonrakı dövrdə də daim hazırlıqlı olacaq. Ali, orta ixtisas müəssisələri əsas olmaq şərti ilə onların iş rejimində olan dəyişikliklərin hər biri bundan sonra da diqqət mərkəzində olacaq. Yeni qrafikin təsdiqlənməsində də gur saatlar, müvafiq tənzimləmələr və intervalların daim nəzarətdə saxlanması ilə bağlı da tədbirlər planı hazırlanacaq”.

Paylaş:
903

Son xəbərlər

Bütün xəbərlər