Qazaxıstan şirkəti ilk azərbaycanlı qadın pilotun adını PUA-ya verib - FOTO

Qazasıxtan şirkətinin istehsal etdiyi pilotsuz uçuş aparatına ilk azərbaycanlı qadın pilot Leyla Məmmədbəyovanın şərəfinə “Leyla” adı verilib.
1news.az xəbər verir ki, bu PUA Bakıda keçirilən "ADEX 2022" dördüncü Azərbaycan Beynəlxalq müdafiə sərgisi və “Securex Caspian” 13-cü Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə sərgisində "Kazaxstan İnjinirinq" şirkətinin stendində nümayiş olunub.
Sərgidə bildirilib ki, bu PUA yalnız hərbidə deyil, eyni zamanda aqrar və neft-qaz sənayesində, geologiya, monitorinq, axtarış və xilasetmə işlərində istifadə oluna bilər.
Xatırladaq ki, Leyla Məmmədbəyova Azərbaycanda, Qafqazda, həmçinin bütün Cənubi Avropada və Ön Asiyada ilk qadın pilot olub. Leyla Məmmədbəyova 17 sentyabr 1909-cu ildə Bakıda anadan olub
Leyla Məmmədbəyova ilk təhsilini Bakıda alıb. 1918-ci ildə ermənilərin azərbaycanlılara qarşı həyata keçirdikləri mart soyqırımı ərəfəsində ailəsi ilə birlikdə Həştərxanda məskunlaşıblar. Azərbaycan Xalq Cümhuriyyəti yarandıqdan sonra Bakıya köçüblər. İlk əmək fəaliyyətinə 1930-cu ildən başlayan Leyla Məmmədbəyova sənət təhsilini Bakı aeroklubunda almış və ilk uçuşunu 1931-ci ildə yerinə yetirmişdir. Təhsilini 1932-ci ildən Moskvada davam etdirən Məmmədbəyova 1933-cü il, martın 17-də Moskvanın Tuşino aerodromunda U-2 təyyarəsindən paraşüt ilə atlanaraq Sovet İttifaqının ikinci qadın paraşütçüsü olmuşdur (Nina Kamnevadan sonra). 1934-cü ildə Cənubi Qafqaz respublikaları arasında keçirilən paraşütçülər yarışında birinci yeri tutmuş və 1941-ci ilədək artıq aviasiya mayoru olmuşdu. Sonralar sənətini Bakı aeroklubunda müəllim kimi davam etdirmişdir.
Yetkinlik yaşına çatmamış dörd uşaq anası (uşaqlarının sayı isə ümümən altı nəfər idi) mayor Məmmədbəyovanın Böyük Vətən müharibəsində iştirakına imkan verilmədi.
Aeroklubun bağlanmasına görə o, desantçı və paraşütçü kurslarını tədris etməyə icazə almışdı. O, müharibə illəri ərzində yüzlərlə desantçı və 4 min paraşütçü hazırlayıb cəbhəyə yollamışdı. Onların arasında iki nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülmüşdür. Məmmədbəyova təyyarəçi karyerasını 1949-cu ildə son uçuş ilə başa çatdırmış, sonralar OADKYC-nin Bakı filialında sədr müavini kimi çalışmışdır. 1961-ci ildə təqaüdə çıxmışdır.
Leyla Məmmədbəyova 1989-cu ilin iyulunda vəfat edib və II Fəxri Xiyabanda dəfn olunub.
FOTO: Nadir İbrahimli