Bakıda qaydalara riayət etməyən piyadalara qarşı reyd keçirildi - FOTO - VİDEO

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi Bakıda yeraltı və yerüstü keçidlərdən istifadə etməyən piyadalara qarşı reyd keçirib.
İdarənin baş inspektoru polis mayoru Araz Əsgərli 1news.az-a bildirib ki, bu gün paytaxtın 20 yanvar dairəsi və “Şamaxinka” adlanan istiqamətlərində qaydalara əməl etməyərək yolu keçən piyadalara qarşı reyd keçirilib.
“Yolu necə gəldi keçərək həm öz həyatlarına, həm də avtomobil sürücülərinə təhlükə yaradan, sıxlığa səbəb olan vətəndaşlarla nəzarət-profilaktiki danışıqlar aparılıb. Əməkdaşlarımız qayda pozan piyadalara keçidlərindən istifadənin əhəmiyyətini izah ediblər. Hesab edirik ki, bu tək polisin işi deyil, hamı bu məsələlərdə ictimai fəallıq göstərməlidir. Baş vermiş yol-nəqliyyat hadisələrinin mütləq əksəriyyəti piyada vurmalardır. Yol hərəkət iştirakçıları da bir-birlərinə ardıcıllıqla problem yaradır, piyada düzgün yerdən keçməyəndə avtomobillərin hərəkəti ləngiyir, piyadaların özləri təhlükə altında qalırlar. Bunların hamısı bir-biri ilə əlaqəsi olan qayda pozuntularıdır. Bütün hərəkət iştirakçılarını yol-hərəkət qaydalarına riayət etməyə çağırırıq”.




