Qarabağ Dirçəliş Fondu Şuşada Türk Biznes Forumunda təmsil olunub - FOTO
Şuşada işğaldan azad edilmiş ərazilərin bərpasına və inkişafına həsr olunmuş Türk Biznes Forumu keçirilib.
1news.az xəbər verir ki, Forum Türk Dövlətləri Təşkilatının, Türk Ticarət və Sənaye Palatasının, Azərbaycanın İqtisadiyyat Nazirliyinin dəstəyi, Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) və Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının birgə təşkilatçılığı ilə baş tutub.
Tədbirdə Azərbaycanla yanaşı, Türk Dövlətləri Təşkilatının 4 daimi üzvü (Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan) və müşahidəçi üzv Macarıstanın dövlət qurumlarının, eləcə də müxtəlif təşkilatların və diplomatik korpusun nümayəndələri, iş adamları iştirak ediblər.
Forumun məqsədi türk dövlətləri arasında iqtisadi, biznes və investisiya əlaqələrinin daha da dərinləşməsi, sahibkarlar arasında dialoqun təşviqi, Qarabağ regionunun iqtisadi və sərmayə potensialının xarici iş adamlarına təqdim olunması olub.
Forumda iştirak edən Qarabağ Dirçəliş Fondunun İdarə Heyətinin sədri Rəhman Hacıyev təqdimatla çıxış edərək tədbir iştirakçılarına Fondun yaradılması, əsas məqsəd və vəzifələri, missiyası, prioritetləri barədə ətraflı məlumat verib.
Rəhman Hacıyev Ali Baş Komandanın rəhbərliyi ilə müzəffər Azərbaycan ordusunun qazandığı tarixi qələbədən sonra qarşıda dayanan əsas vəzifələr, yaranan yeni reallıqlardan bəhs edib.
İşğaldan azad edilən ərazilərdə dağıntıların miqyasının həddindən artıq böyük olduğunu deyən Rəhman Hacıyev erməni terroru nəticəsində maddi obyektlərə, memarlıq inciləri olan tarixi abidələrə, ekologiyaya dəyən zərər haqqında ətraflı məlumat verib.
Rəhman Hacıyev qeyd edib ki, Qarabağ Dirçəliş Fondunun fəaliyyətində ermənilərin azad olunmuş ərazilərimizdə törətdikləri dağıntılar, həyata keçirdikləri qeyri-qanuni hərəkətlər və işğal nəticəsində Qarabağa dəyən zərər barədə məlumatların geniş ictimaiyyətə çatdırılması xüsusi önəm daşıyır:
“Belə ki, işğaldan azad edilmiş ərazilərin bərpası istiqamətində görülən işlərə cəmiyyətin bütün üzvlərinin dəstək göstərməsi onların Qarabağa vurulan ziyanın həcmi, eyni zamanda Qarabağın dirçəlişi istiqamətində həyata keçirilən tədbirlər barədə məlumatlandırılmasından birbaşa asılıdır”.
Bir sıra beynəlxalq təşkilatların ölkəmizə qarşı tətbiq etdiyi ikili standartların bu gün də davam etdiyini təəssüf hissi ilə qeyd edən Rəhman Hacıyev bildirib ki, işğaldan azad edilən ərazilərdə bərpa və yenidənqurma işlərini Azərbaycan dost və tərəfdaş ölkərin yaxından dəstəyi ilə öz imkanları hesabına gerçəkləşdirir.
İdarə Heyətinin sədri işğaldan azad edilən ərazilərin bərpası və yenidən qurulmasında dövlət, biznes və cəmiyyətin səylərinin birləşdirilməsinin, cəmiyyətin bütün üzvləri arasında həmrəyliyin təmin olunmasının rolunu xüsusi vurğulayıb, eyni zamanda bu sahədə dünya təcrübəsindən danışıb.
Rəhman Hacıyev Fondun həyata keçirdiyi tədbirlər və cari ildə nəzərdə tutulan layihələr, Fondunun fəaliyyətinin 2022-2025-ci illər əhatə edən strateji istiqamətləri, eyni zamanda Fonda cəlb olunan ianələr və ianə etmək imkanları barədə də tədbir iştirakçılarını məlumatlandırıb.
Qeyd edək ki, Forum çərçivəsində ikitərəfli görüşlər, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonunda investisiya imkanları” mövzusunda xüsusi sessiya keçirilib, bir sıra sənədlər imzalanıb.