Taksi sürücüsü sərnişinə “Başını kəsərəm” dedi, “Uber Azərbaycan” araşdırmaya başladı - VİDEO

Bakıda "Uber" taksi xidmətindən istifadə edən sərnişin sürücü tərəfindən ölümlə hədələnib.
1news.az xəbər verir ki, bu barədə sərnişin, tanınmış ingilis dili müəllimi Ayşən Qurbanova "Instagram"da paylaşım edib.
A.Qurbanova bildirib ki, bu yaxınlarda "Uber" taksi xidmətindən istifadə edib: "Arxa oturacaqda makiyaj etdiyim üçün sürücü mənə hədə-qorxu gəldi. "Sən kişi xeylağının yanında makiyaj edə bilməzsən, tərbiyəsiz" deyib daha sonra məni ölümlə hədələdi: "Səni burda maşından düşürüb, başını kəsərəm"".
Onun sözlərinə görə, baş verənlərlə bağlı "Uber" taksi şirkətinə şikayət edib. Ancaq tutarlı bir cavab almayıb.
A.Qurbanova bu taksi xidmətindən istifadə edənləri, xüsusən xanımları ehtiyatlı olmağa çağırıb.
Məsələ ilə bağlı "Uber Azərbaycan"dan 1news.az-a bildirilib ki, hadisədən xəbərdardılar və vəziyyət araşdırılır.
"Sürücünün davranışını tamamilə yolverilməz hesab edirik. O, artıq sifarişlərdən kənarlaşdırılıb".