İdeal evlilik yaşı neçədir? – “Bu çox səhv addımdır”- Sosioloq | 1news.az | Xəbərlər
Cəmiyyət

İdeal evlilik yaşı neçədir? – “Bu çox səhv addımdır”- Sosioloq

14:54 - 29 / 09 / 2022
İdeal evlilik yaşı neçədir? – “Bu çox səhv addımdır”- Sosioloq

Son zamanlar cəmiyyətimizdə erkən nikahlarla yanaşı çox gec qurulan nikahların da şahidi oluruq. Bəzi insanlar könüllü olaraq evlənməyə tələsdiyi halda, bəziləri isə evlənməkdən boyun qaçırırlar.

Təbii ki, hər kəsin azad seçimi var. Lakin bu seçimlər bəzən gələcəkdə müəyyən problemlər yaradır. Sevginin yaşı yoxdur deyirlər. Bəs, görəsən, evliliyin yaşı var?

Məsələ ilə bağlı 1news.az-a açıqlamasında sosioloq Əhməd Qəşəmoğlu evlənmək üçün ideal bir yaş olmadığını deyib:



“Əslində evlənmək üçün ideal bir yaş anlayışı yoxdur, çünki bu insana, böyüdüyü, yaşadığı cəmiyyətlərə görə dəyişir. Məsələn, 15-20 nəfər ailənin yaşadığı hər hansısa ucqar bir kənddə gənclər ali təhsil ardınca getməyiblərsə, hazırda kənddə yaşayır və təsərrüfatla məşğul olurlarsa, onda onların tez evlənməyi nisbətən uyğundur. Erkən evlilik dedikdə ən az 18 yaş nəzərdə tutulmalıdır. Bir məsələ də var ki, kənd yerlərində gənclər daha tez böyüyürlər.Amma şəhər yerində isə bu tamamilə fərqlidir. Bir oğlanın şəhərdə evlənməyi üçün bir xeyli vaxt lazımdır. Çünki onun iş tapması, ailəsini dolandıracaq vəziyyətə gətirməsi nisbətən gec olur. Buna görə şəhər yerlərində evliliklər bir qədər gec olur. Mən belə düşünürəm ki, oğlan üçün ideal evlilik yaşı 28-30, qızlarımız üçün isə 23-24 yaşdan sonradır. Çünki 18-19 yaşlı qız o qədər də uzaqgörən olmur. Məsələn fikirləşmir ki, kimlə evlənir, niyə evlənir?”

Sosioloq həmçinin evlilik zamanı diqqət edilməli bəzi nüansların da olduğunu qeyd edib:

“Bir məsələ də var ki, evlənən zaman qızlar və oğlanlar diqqət etməlidirlər. Kimlə evlənirlər. Birinin fiziki görünüşünə və ya maddi imkanın yaxşı olmasına görə ailə həyatı qurmaq düzgün deyil. Bu cür səbəblərdən dolayı son illər ölkəmizdə boşanmaların sayı da çoxalıb. Bir də bəzi evliliklər var ki, filankəs xalam qızıdır, əmim oğludur evlənib. Bu çox yanlış addımdır, bu addım gələcəkdə xəstə uşaqların doğulmasına səbəb olur. Düşünürəm ki, gənclər evlənməyə maddi və mənəvi cəhətdən hazır deyillərsə, tələsməsinlər. Çünki insanın bir dünyagörüşü olmalıdır, bilməlidir ki, nə istəyir. Ondan sonra ailə haqqında düşünüb addım ata bilərlər. Düşünürəm dedikdə bəzi insanların yaşı gəlir 40-a çatır. Bu da doğru addım deyil. Məncə, hər şeyin bir uyğun zamanı var. İnsanın dünyagörüşü, həyata dair fikriləri, əsasən, 20 yaşdan sonra yaranır”.

Aynurə Xudaverdiyeva

Paylaş:
1899

Son xəbərlər

Konyada güclü zəlzələ oldu

15 / 05 / 2025, 17:15
Bütün xəbərlər