Dünyanın ən asan və çox pul qazandıran peşələri - SİYAHI | 1news.az | Xəbərlər
Cəmiyyət

Dünyanın ən asan və çox pul qazandıran peşələri - SİYAHI

15:41 - 04 / 10 / 2022
Dünyanın ən asan və çox pul qazandıran peşələri - SİYAHI

Bilirdinizmi ki, yatarkən və ya film izləyərkən pul qazana bilərsiniz? Yəqin ki, çoxlarınızın bu haqda məlumatı yoxdur. Dünyada bəzi peşələr var ki, onlar xüsusi bir zəhmət tələb etmir.

1news.az dünyadakı ən asan peşələr haqqında araşdırma edib.

Həmin ixtisasları sizə təqdim edirik:

1. Peşəkar yuxu mütəxəssisi

Qulağa biraz qəribə səslənsə də bu həqiqətən də belədir. Əgər yuxunu sevirsənsə və “Mən bütün günü yata bilərəm” deyirsənsə,onda bu iş sənin üçündür. Yuxu araşdırması aparan tibb müəssisələri işlərinə görə belə insanları axtarırlar. Kriteriyalar dəyişə bilir: Məsələn, bir araşdırma üçün yaşı 40-dan yuxarı olan kişilər, başqa bir araşdırma üçün isə 20-30 yaş arası qadın iştirakçılar axtarılır. Siz də yataraq yerinizin təmizliyi və rahatlığı barədə hesabat hazırlayıb pul qazana bilirsiniz. Əslində, bu çox yayılmış bir peşədir. Bəzi otellər müştərilərinə daha yaxşı xidmət göstərmək, yatağın rahatlığı haqqında məlumat toplamaq üçün peşəkar yuxu mütəxəssisləri axtarırlar. Necə düşünürsünüz, bu olduqca asan işdir, elə deyilmi?

2. “Game Tester”

Bizim dildə desək, kompüter oyunlarını test edən şəxslərdir.

Bu çöldə, evdə, hər yerdə edə biləcəyiniz bir işdir. Bu peşə üzrə əmək haqqı saatla müəyyən edilir. Bir il oyun testçisi kimi işləsəniz, böyük gəlir əldə edirsiniz. Əlbəttə ki, təcrübəli oyun testçisi olmaq daha çox qazanmağa imkan verir. Etməli olduğunuz şey sizə verilən oyunu bitirmək və oyun şirkətinə hesabat hazırlamaqdır. Onlayn oyunlarla maraqlanırsınızsa, bu peşə sizin üçündür! Həm əylənəcəksən, həm də qazanacaqsan, başqa nə istəyirsən?

3. “Netflix” izləyicisi

İnsanlar adətən boş vaxtlarını keçirmək və əylənmək üçün film və seriallara baxırlar. Ancaq “Netflix” bunu bir peşəyə çevirib! İldə 70.000 dollar qazanacağı deyilən “Netflix” izləyicilərinin etməli olduğu tək şey “Netflix”in təyin etdiyi serialları izləmək və bu seriallara münasibət bildirməkdir. Əgər siz kino və serial həvəskarısınızsa, bu iş tam sizin üçündür!

4. Peşəkar qucaqlamaq üzrə mütəxəssis

Ən asan və faydalı peşələrdən biri də peşəkar qucaqlaşmadır. İnanmazsınız, amma bir çox ölkələrdə mühüm yeri olan bu peşə gündən-günə daha da populyarlaşır. Üstəlik, bu işi görmək üçün heç bir təhsil tələb olunmur. Sizə lazım olan tək şey yad adamı qucaqlamaqdır. Əmək haqqı saata görə təyin olunur. Əgər tanımadığınız insanı bir saat qucaqlamaq sizin üçün çətin deyilsə, bu peşəni rahatlıqla seçə bilərsiniz.

5. Kirayə sevgili olmaq


Bu peşə Çin və Yaponiyada olduqca yayılıb. Problemlərini bölüşməyə adam tapa bilməyən tənha qadınlar onlarla söhbət etmək üçün kişiləri kirayələyirlər. Deməli, bu oğlanlar müştərilərinin problemlərini dinləyir, onlarla alış-veriş edir, yemək yeyir, əylənir. Qeyd edək ki, bu peşənin müştərilərinin 70%-i qadınlardır.

6. Peşəkar əcnəbi

Bu iş üçün kostyumda yaxşı və xarizmatik görünmək kifayətdir. Sadəcə müəyyən tədbirlərdə rastlaşdığınız insanlara gülümsəmək və əl sıxmaq kifayətdir. Bu üsulla şirkətin nüfuzunun artacağını düşünən çinlilər peşəkar əcnəbilərə çox yaxşı maaş verirlər. Kostyum geyinib gülümsəmək çətin deyilsə, üstünlük verilə bilər.

7. Dondurmaların dadına baxan

Dünyada şərab, tütün, yağ kimi müxtəlif yemək və içkilərdən dadıb yüksək maaş alan insanlar var. Bilinməsə belə, dondurma dequstatorları da onların arasındadır. Dondurma dequstatorları dadına baxmazdan əvvəl dondurmanın ideal konsistensiyaya qədər yumşalmasını bir neçə dəqiqə gözləyirlər. İlk qaşığı ağızlarına apardıqdan sonra bir neçə saniyə gözləyirlər. Dondurma əriyib ağızda yayılanda daha əhatəli bir fikir əldə edirlər. Dondurma yemək və eyni zamanda pul qazanmaq xüsusilə yay aylarında görüləcək ən yaxşı işlərdən biri olmalıdır!

Aynurə Xudaverdiyeva

Paylaş:
2502

Son xəbərlər

Bütün xəbərlər