Qanunsuz heyvan kəsiminin qarşısının alınması istiqamətində tədbirlər davam etdirilir

Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ölkədə heyvan kəsiminin müasir tələblərə uyğunlaşdırılması, müasir kəsim məntəqələrinin təşkil olunması və qanunsuz heyvan kəsimi fəaliyyətinin qarşısının alınması istiqamətində nəzarət tədbirlərini davam etdirir.
Agentliyin İnformasiya təminatı və innovativ həllər şöbəsindən 1news.az-a verilən məlumata görə, agentliyin əməkdaşları tərəfindən respublika üzrə fəaliyyət göstərən ət satışı və heyvan kəsimi məntəqələrində aparılan monitorinqlər zamanı Bakı şəhəri və Gədəbəy, Şəki rayonlarında bir sıra nöqsanlar aşkar olunub. Aşkarlanan uyğunsuzluqlarla əlaqədar 4 heyvan kəsimi və ət satışı məntəqəsi ilə bağlı inzibati tədbir görülüb, 2 məntəqədə isə yenidən bərpa edilmiş qurğular sökülüb.
Baytarlıq-sanitariya ekspertizası aparılmadan heyvan kəsimi və ət satışı fəaliyyəti ilə məşğul olan və barələrində inzibati protokol tərtib edilən və ya qanunsuz metal konstruksiyaları sökülən məntəqələrin siyahısı ilə aşağıdakı linkdə tanış olmaq olar: http://afsa.gov.az/az/media/news_details/3426
AQTA bir daha qanunsuz heyvan kəsimi fəaliyyəti ilə məşğul olan şəxsləri qanunvericiliyin tələblərinə əməl etməyə və qanunazidd fəaliyyətdən yayınmağa çağırır.
1news.az