Azərbaycanda olan xarici diplomatlar Gəncədə mülki şəhidlərin xatirəsini anıb - FOTO

Azərbaycanda akkreditə olunmuş diplomatik nümayəndəliklərin rəhbərləri Gəncəyə səfər edərək burada Vətən müharibəsi dövründə Ermənistan silahlı qüvvələrinin raket hücumları nəticəsində həlak olmuş mülki şəxslərin xatirəsinə ucaldılmış abidə kompleksini ziyarət ediblər.
1news.az xəbər verir ki, tədbirdə Gəncə şəhər icra hakimiyyətinin başçısı Niyazi Bayramov, Xarici işlər nazirinin müavini Elnur Məmmədov, Baş prokurorun birinci müavini Elçin Məmmədov, Prezident Administrasiyasının Kommunikasiya siyasəti sektorunun müdiri Cavid Musayev iştirak edib.
Tədbir iştirakçıları abidə kompleksi önünə gül dəstələri düzərək Gəncəyə raket zərbələri nəticəsində həlak olanların xatirəsini ehtiramla yad ediblər. Xatırladaq ki, Vətən müharibəsi dövründə Azərbaycanın ikinci böyük şəhəri Gəncə bir neçə dəfə raket və ağır artilleriya hücumlarına məruz qalıb. Hücum zamanı aralarında qadın və uşaqlar da olmaqla 26 mülki şəxs həlak olub, 175 nəfər isə yaralanıb. Şəhərdə mülki infrastruktur obyektlərinə, tarix-mədəniyyət abidələrinə, o cümlədən nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.

















1news.az