Müəllimin tələbəyə imtahanda düşəcək sualları verməsi nə qədər doğrudur? - AÇIQLAMA

İl ərzində yanvar və iyun aylarında təhsil ocaqlarında semestr imtahanları keçirilir.
Tələbələrin ən çox əziyyət çəkdiyi, şikayətləndiyi bu imtahanlardan kəsilən də olur, son məqamda keçən də, əlaçı çıxan da. Lakin həmin imtahanın suallarına hazırlaşmaq da bir xeyli vaxt aparır. Bəzi müəllimlər sualları bir ay öncədən, bəziləri isə imtahana günlər qala tələbələrə təhvil verirlər. Sualları tələbəyə verən müəllimlər tələbələrin hörmətini qazansa da sualları verməyən müəllimlər isə tələbələr tərəfindən sevilmir. Bu məqamda sual yaranır. Müəllimin tələbəyə imtahanda düşəcək sualları vermək kimi bir öhtəliyi varmı?
Məsələ ilə bağlı 1news.az-a açıqlama verən təhsil eksperti Kamran Əsədov bildirib ki, müəllimin tələbəyə sualları təqdim etməsi kimi bir vəzifə öhtəliyi yoxdur:
“Bu çox önəmli məsələdir. Azərbaycan 2005-ci ildən boloniya sisteminə keçib, bizim təhsil qanunvericiliyində elə bir qanun yoxdur ki, müəllim tələbəyə semestr imtahanı suallarını versin. Lakin müəllimlərimiz humanizmə əsaslanaraq, tələbələrə imtahanda düşən sualları təqdim edirlər. Əslində bu suallar il ərzində keçirilən dərslərin başlıqlarıdır. Tələbələr mündəricatdan da bu haqda məlumat əldə edə bilərlər. Onsuz da keçilən bütün dərslər imtahana düşür. Amma bizdə suallar birbaşa imtahan biletində necə formada düşəcəksə, o cür verilir. Qeyd edim ki, müəllimin tələbəyə həmin sualları vermək kimi bir öhtəliyi yoxdur. Burada tələbənin heç bir hüququ da pozulmur. Tələbə semestr ərzində keçirilən bütün dərsləri bilməlidir və öyrənməlidir”.
Təhsil eksperti, alim Elçin Süleymanov 1news.az-a açıqlamasında imtahan suallarının tələbələrə fənnlərə görə təhvil verilməsinin tərəfdarı olduğunu deyib:
“Müəllimlərin tələbələrə sualları öncədən verməsi mövzusu daim müzakirə olunur. Məncə, ali məktəb müəllimlərinin həm elmi tətqiqat, həm də dərslərin keçirilməsi ilə bağlı olaraq düşünürəm ki, bu mövzuda qərarı müəllim özü verməlidir. Müəllim öz sillabusunda keçiriləcək imtahanın yazılı, test ya da şifahi olmasına özü qərar verməlidir və bu mövzu kafedrada müzakirə edilməlidir. Düşünürəm ki, sualların verilməsi fənnə görə dəyişməlidir. Elə fənlər var ki, onların suallarlarını vermək yaxşıdır, lakin bəzi imtahanlar da var ki, orada sualların verilməsi mümkün deyil. İmtahanın məqsədi keçirilən dərslərin tələbənin nə dərəcədə öyrəndiyi ölçmək üçün istifadə olunan sistemdir. Tələbələrin üzərinə düşən odur ki, dərslərini vaxtı-vaxtında öyrənsinlər. Fikrimcə, suallar imtahanda düşəcək formada yox daha çox mövzu şəklində verilməlidir”.
Aynurə Xudaverdiyeva