MBD-də ən bahalı taksi xidmətləri Azərbaycandadır? - AÇIQLAMA

Qazaxıstan Milli Statistika Bürosunun araşdırmasında MDB ölkələri arasında ən bahalı taksi xidmətlərinin Azərbaycanda olduğunu iddia edib.
1news.az xəbər verir ki, büronun araşdırmasına görə, MDB ölkələri içərisində qiymətlər ən yüksək Azərbaycandır. İddiaya görə ölkəmizdə taksi 1 km üçün 0,59 dollar alır.
Məsələn, Rusiyada bu rəqəm 0,33 dollar təşkil edir.
Məsələ ilə bağlı 1news.az-a açıqlamasında “189 Taxi” xidmətinin icraçı direktoru Samir Kərimov bildirib ki, digər ölkələrə nisbətən Azərbaycanda taksi xidmətləri baha deyil:
“Düzü mən sözügedən statistikanı görməmişəm deyə bu haqda dəqiq bir məlumat verə bilmərəm. Amma düşünürəm ki, ölkəmizdə taksi xidmətiləri sözügedən qədər baha deyil. Beynəlxalq müstəvidəki taksi qiymətlərinə nəzər yetirmədiyim üçün digər ölkələrdə qiymətlərin necə olduğundan xəbərsizəm. Lakin, fikrimcə, ölkəmizdə taksi xidmətləri çox da bahalı deyil”.
“Uber” və “Yango” taksi xidmətlərinin nümayəndələri ilə əlaqə saxlasaq da, onlar bu suala cavab verməkdən imtina ediblər.
Əlavə məlumat üçün bildirək ki, sözügedən statistikada qeyd olunub ki, dünyada ən bahalı taksilər İsveçrədə, ən ucuz taksilər isə Pakistandadır.
Məsələ ilə bağlı nəqliyyat eksperti Rauf Ağamirzəyev 1news.az-a açıqlamasında bildirib ki, qiymətlə kəmiyyət uzlaşmalıdır:
“Fikrimcə, bu səthi və araşdırılmamış şəkildə aparılan araşdırmadır. İstənilən Bakı sakininə yaxınlaşıb soruşsaq ki, "taksi xidmətlərinin qiymətindən narazısınızmı?" - inanmıram narazı şəxs çox olsun. Lakin sürücülərdən soruşsaq onlar narazılıq edəcək, çünki neçə kilometr məsafəni 2-3 manata aparırlar. Bəzən bu sərnişinlərin avtobusda getdikləri qiymətə bərabər olur. Belə deyim, keyfiyyət də kəmiyyətlə uzlaşmalıdır. Qiymətlərin aşağı olması keyfiyyətin düşməyinə səbəbdir”.
Aynurə Xudaverdiyeva