Deputatdan Bakı-Sumqayıt yolunda tıxacın azaldılması ilə bağlı TƏKLİF
“Məlum olduğu kimi, Abşeronda urbanizasiyanın yüksək səviyyəsi nəticəsində Sumqayıt şəhəri az qala Bakıya birləşib”.
1news.az-ın məlumatına görə, bunu deputat Emin Hacıyev Milli Məclisin bu gün keçirilən plenar iclasında cari məsələlərin müzakirəsi zamanı deyib.
“Nəzərə alaq ki, Sumqayıtın məşğul sakinlərinin böyük bir hissəsi Bakıda çalışır. Bunun nəticəsidir ki, artıq nəinki pik saatlarda, hətta günün istənilən vaxtında Bakı-Sumqayıt yolunda böyük tıxaclar müşayiət olunur. İnsanlar günün mühüm hissəsini yollarda qalırlar. Hesab edirəm ki, bu problemin səbəblərini təhlil etsək görərik ki, məsələ təkcə yol infrastrukturunun mövcud nəqliyyat yükünü götürə bilməməsindən, yəni nəqliyyat vasitələrinin çoxluğundan qaynaqlanmır. Bu baxımdan bizim ölkəmiz adambaşına düşən nəqliyyat vasitələrinə görə ən öncül sıralarda da deyil. Mənim fikrimcə, bu sıxlığı tənzimləmək üçün bir sıra məsələlərə diqqət yetirmək lazımdır”.
Məsələ ilə bağlı təkliflər səsləndirən deyib deputat deyib:
“Hesab edirəm ki, Abşeronda sərnişindaşımaya yanaşmada vahid prinsiplər tətbiq olunmalıdır. Məsələn, Sumqayıt-Bakı arasında ictimai nəqliyyatın Avtovağzaldan-Avtovağzala prinsipi ilə işləməsindən imtina oluna bilər. Hazırkı halda kimsə Sumqayıtın bir mikrorayonunda qalırsa, o, Sumqayıt avtovağzalına gəlməli, oradan avtobusla Bakı avtovağzalına gəlməli və əlavə olaraq daha iki marşrutla mənzil başına çatmalıdır. Nəticədə bu vaxt və vəsait itkisi deməkdir. İctimai nəqliyyatın mövcud vəziyyəti şəxsi avtomobilə malik olmağı stimullaşdırır. Mən hesab edirəm ki, Sumqayıtın istənilən mikrorayonundan Bakının müxtəlif nöqtələrinə, məsələn BDU-nun, UNEC-in yaxınlığına, Dəmiryol vağzalına marşrutlar təşkil olunsa, bu sıxlığın aradan qalxmasına nəinki böyük töhfə verər, həm də insanların rahatlığına səbəb olar. Bundan başqa, ictimai nəqliyyatdan istifadəni stimullaşdırmaq üçün güzəştli kartlar tətbiq edilə, bundan xüsusilə tələbələr yararlana bilər. Bakı-Sumqayıt elektrik qatarında vaqonların sayının artırılması və intervalın azaldılması da həmin yoldakı sıxlığın aradan qalxmasına kömək edər. Daha bir təklifim ictimai nəqliyyatın dünya təcrübəsində, o cümlədən qardaş Türkiyədə geniş tətbiq olunan növlərinin – ekspress avtobusların ölkəmizdə tətbiqi ola bilər. Bu da taksi və şəxsi avtomobilə ehtiyacı azalda bilər. İnsanlar nisbətən daha artıq ödənişlə daha sürətli və keyfiyyətli xidmətlərdən yararlana bilər.
Ümid edirəm ki, Nazirlər Kabinetinin yenidən təşkil olunmuş Yol hərəkətinin təşkili, tənzimlənməsi və təhlükəsizliyi üzrə Komissiyası Bakı-Sumqayıt yolunda nəqliyyatın tənzimlənməsinə xüsusi diqqət ayıracaq”.