Mətbuat Şurasında sosial media fəalları ilə görüş keçirilib - FOTO

Oktyabrın 21-də Azərbaycan Mətbuat Şurasında (MŞ) sosial mediada (instaqram və teleqram) fəal olan kanal rəhbərləri və səhifə idarəçiləri ilə görüş keçirilib.
1news.az xəbər verir ki, iştirakçıları salamlayan Mətbuat Şurasının sədri Rəşad Məcid belə bir tədbirin keçirilməsinin hansı zərurətdən yarandığından danışıb. Mətbuat Şurasının yaranmasından ötən 19 il ərzində cəmiyyətimizdə olduğu kimi, media sahəsində də günün tələblərinə uyğun inkişaf tendensiyasının müşahidə edildiyini vurğulayan R.Məcid mövcud vəziyyətin yeni yanaşmalar doğurduğunu diqqətə çatdırıb.
Mətbuat Şurasının İdarə Heyətinin üzvü Hacıbəy Heydərli görüşdə iştirak edən kanal və səhifə rəhbərlərinin özləri və media resursları barədə məlumat verib.
Şura sədrinin müavini, sosial komissiyanın sədri, Beynəlxalq Jurnalistlər Federasiyasının Azərbaycan üzrə təmsilçisi, Beynəlxalq Söz Azadlığı Mübadiləsi Şəbəkəsinin üzvü Müşfiq Ələsgərli bu cür təmasların sosial mediadakı yaradıcılıq mühitinin sağlamlaşdırılmasına verə biləcəyi fayda barədə söhbət açıb.
Filologiya elmləri doktoru, professor Qulu Məhərrəmli Mətbuat Şurasının adından yazılan müraciətin mətnini oxuyub.
Müraciətdə internet və multimedia şəbəkəsinin əhatə dairəsinin böyük sürətlə genişlənməsi, müasir texnologiyaların yaratdığı sonsuz imkanlar dünyanın hər yerində olduğu kimi, Azərbaycanda da yeni informasiya mühiti formalaşdırdığı vurğulanıb. Müasir dövrün əsas platformaları olan sosial şəbəkələr və vətəndaş mediasının bu gün cəmiyyətin məlumatlandırılmasında əhəmiyyətli rolu qeyd olunub. Həmçinin bildirilib ki, bu platformalardakı ayrı-ayrı səhifələr, populyar şəxslər, blogerlər və ən fərqli düşüncəyə sahib sosial şəbəkə istifadəçiləri hər gün əhali qruplarında maraq doğuran məlumatlar yaymaqla, müxtəlif mövzuları gündəmə gətirməklə azad informasiya və diskussiya şəraitini genişləndirir, cəmiyyət həyatının fəal iştirakçılarına çevrilirlər.
Müraciətdə sosial media mənsubları “Azərbaycan Jurnalistlərinin Etik Davranış Qaydaları”ndakı müddəalara riayət etməyə çağırılıb.
Müraciət qəbul edildikdən sonra geniş fikir mübadiləsi aparılıb.







