Uşaqların cinsi istismarı ilə bağlı qanunvericilik bazası yaradılır

Bu gün Milli Məclisin İnsan hüquqları komitəsinin videokonfrans formatında növbəti iclası keçirilib.
Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən 1news.az verilən məlumata görə, komitə sədri Zahid Oruc Əmək Məcəlləsində, Ailə Məcəlləsində, Cinayət Məcəlləsində, Cinayət-Prosessual Məcəlləsində, “Uşaq hüquqları haqqında”, “Vəkillər və vəkillik fəaliyyəti haqqında”, “Təhsil haqqında”, Sosial xidmət haqqında”, “Azərbaycan Respublikasında dövlət daktiloskopik və genom qeydiyyatı haqqında” və “Ümumi təhsil haqqında” Azərbaycan Respublikasının qanunlarında dəyişiklik edilməsi barədə qanun layihəsini birinci oxunuşda təqdim edib.
Diqqətə çatdırılıb ki, qanun layihəsi “Uşaqların cinsi istismardan və cinsi zorakılıqdan müdafiəsi haqqında” Avropa Şurası Konvensiyasının təsdiq edilməsi barədə” Azərbaycan Respublikasının 2019-cu il 22 oktyabr tarixli Qanununun icrası ilə əlaqədar hazırlanıb. Konvensiyaya uyğun olaraq, layihədə təklif edilən dəyişikliklər milli qanunvericilikdə qabaqlayıcı tədbirlərin, qurbanlara yardım və maddi cinayət hüquqi normalarından irəli gələn öhdəliklərin yerinə yetirilməsini nəzərdə tutur.
Qeyd edilib ki, dəyişikliklərdə uşaqlarla işləyənlərə dair qoyulan tələblər, hüquqi şəxslərə dair cinayət hüququnun tətbiqi, valideynlik hüququndan məhrumetmə, yetkinlik yaşına çatmayan şəxslərin dairəsinin müəyyənləşdirilməsi, uşaqların müdafiəsi ilə bağlı məsələlər öz əksini tapıb. Sənəddə cinsi istismar qurbanlarına hüququ yardım formaları və qaydaları, belə hadisələrin öyrənilməsi, bununla bağlı maarifləndirmə işinin aparılması ilə əlaqədar məqamlar yer alıb.
Qanun layihəsi birinci oxunuşda Milli Məclisin plenar iclasına tövsiyə edilib.