Radara “BMW” düşdü, protokol “Volkswagen” sürücüsünə gəldi – DYP dərhal reaksiya verdi - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

Radara “BMW” düşdü, protokol “Volkswagen” sürücüsünə gəldi – DYP dərhal reaksiya verdi - FOTO

17:13 - 28 / 10 / 2022
Radara “BMW” düşdü, protokol “Volkswagen” sürücüsünə gəldi – DYP dərhal reaksiya verdi - FOTO

Artıq illərdir ki, sürücülərin pozduğu qayda pozuntuları xüsusi texniki vasitələrin köməyi ilə qeydə alınır.

İnsan amili olmadan bu texniki vasitələrlə sürücülərə elektron protokollar tərtib olunub. Dəqiq saydığımız bu texniki vasitələr də bəzən səhvə yol verə bilir.

1news.az xəbər verir ki, belə bir hadisə vətəndaş Faiq Bağırovun başına gəlib. Belə ki, onun telefonuna avtomobilinin radara düşdüyü barədə bildiriş gəlib. Gələn SMS-ə daxil olan sürücü maraqlı bir məqamla qarşılaşıb. Cərimə ona gəlsə də avtomobil başqasına aid olub.

F.Bağırov deyir ki, onun avtomobili “Volkswagen” markalı avtomobil olsa da, şəxsi kabinetə girəndə başqa bir avtomobilin olduğu görüb.

“Mənə bu gün sürət həddini aşdığıma görə SMS bildiriş gəldi. Daxil oldum baxım ki, sürət həddini harada aşmışam, daxil olanda gördüm ki, fotoda mənim avtomobilim yox, nömrəsi mənim maşınımın nömrəsinə bənzəyən başqa bir avtomobildir. Mənim maşınım 90-BF-500 dövlət qeydiyyat nişanlı, ağ rəngli “Volkswagen” markalı avtomobil olsa da mənim kabinetdə mənim təxminlərimə görə nömrəsi 90-BE-500 olan boz rəngli “BMW”markalı avtomobilin fotoları var idi. Avtomobilin nömrəsi tam görünmədiyinə görə cəriməni tamamilə başqa bir marka və model olan mənim maşınıma göndəriblər. Mənə maraqlıdır ki, radarlar ancaq avtomobilin nömrəsini tanıyır? Yəni avtomobilin rəngi və modeli önəm daşımır?. Ümid edirəm ki, bu problem öz həllini tapacaq və cərimə mənim adımdan çıxarılacaq”.

Məsələ ilə bağlı 1news.az-ın suallarını cavablayan Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin əməkdaşı polis polkovnik-leytenantı Mübariz Ağayev deyib ki, belə hallar texniki xəta səbəbindən baş verir.

“Elektron qərar inzibati xəta haqqında foto və video qeydiyat funksiyasına malik xüsusi texniki vasitələr həmin yol hərəkəti təhlükəsizliyi və avtomobil yollarından istifadə qaydaları əleyhinə olan qanunda nəzərdə tutulmuş qayda pozuntularını qeydə alarkən avtomatik rejimdə onlayn, real vaxt rejimində bizim mərkəzi informasiya sistemindən müvafiq məlumat götürür. Həmin görüntülərlə bərabər elektron qərar tərtib edir və məlumatı sürücüyə göndərir. Əgər şəxs görürsə ki, ona gələn cərimə yanlışdır, o zaman bununla bağlı bizim dyp.gov.az saytımıza və ya Baş Dövlət Yol Polisi İdarəsinin 902 qaynar xəttinə müraciət etməklə problemin həllinə tez bir zamanda nail ola bilər. Daxil olan müraciətə bizdə baxılır və tez bir zamanda həlli üçün iş görülür”.

M.Ağayev deyib ki, xüsusi texniki vasitələr ancaq avtomobilin dövlət qeydiyyat nişanını çəkir.

“Elekton qərar və onun forması hamısı qanunvericiliklə müəyyən olunan məsələdir. Elektron qərarda nəqliyyat vasitəsinin dövlət qeydiyyat nişanı, markası qeyd olunur. Həmin nəqliyyyat vasitəsi bizim mərkəzi informasiya sistemində sonuncu dəfə kimin adına qeydə alınıbsa, elektron qərar həmin şəxsin barəsində çıxarılır. Bəzən görürük ki, avtomobil bir neçə sahibliyində olur və yaxud bir neçə nəfərin istifadəsində olur. Amma sonuncu dəfə kim qeydiyyatdan keçibsə elektron qərar onun adına tərtib olunur. Sonradan avtomobili idarə edən şəxs müraciət edəndə ki, avtomobili idarə edən şəxs mən deyiləm, başqası olub, o zaman protokol həmin adama tərtib olunur. Bu məsələ insan faktoru ilə əlaqədar olduğu üçün məsələ yalnız belə həll olur”.

1news.az-ın əməkdaşı yuxarıda qeyd etdiyimiz problemi DYP rəsmisinə bildirəndən sonra, məsələ ilə bağlı operativ araşdırma aparıldı və baş vermiş xəta aradan qaldırıldı.

Paylaş:
781

Son xəbərlər

Bütün xəbərlər