Ünsiyyətimiz kəsilsə, araya şeytan girər...

Dünya musiqisində "cazın şahzadəsi" kimi tanınan Əzizə Mustafazadə ilə Azərbaycanda yeni yaranmış Big Band-ın birgə çıxışı olacaqmı?
YARAT Müasir İncəsənət Məkanında, Əzizə Mustafazadəyə verilən bu suala qısa bir sualla cavab gəldi: "Niyə olmasın?"
Növbəti səfər, dahi Vaqif Mustafazadənin "Caziza"sı Azərbaycanda Big Band ənənəsini dirçəltməyə cəhd edən musiqiçilərlə tanış olacaq. Bəlkə də bu tarixi görüşdən sonra, Big Band ideyası irəliyə doğru daha bir addım atacaq. Və bir gün yenə Bakı cazının əfsanəvi şöhrəti qayıdacaq...
Əzizə Mustafazadə deyir ki, o, nəinki istedadlı adamlarla, hətta musiqidən anlayışı olmayan, amma sağlam düşüncəli hər kəslə ünsiyyəti sevir: "Canlı ünsiyyətimiz kəsilsə, araya şeytan girər..."
Big Band-ın bədii rəhbəri Eyyub Yaqubovla Əzizə Mustafazadənin səmimi söhbətində həyatı, dünyanı özündə ehtiva edən musiqiyə aid çox maraqlı məqamlar açıldı...
- Əzizə xanım, siz əlbəttə, məndən də yaxşı bilirsiniz, məşhur pianoçu Yan Yohansson Vaqif Mustafazadənin sənətini çox dəqiq bir cümlə ilə ifadə edib: "Onun musiqisi heyrətamiz dərəcədə müasirdir, eyni zamanda bu musiqidən qədim Qafqaz melodiyalarının sehirli nəfəsi gəlir..."
- Atamla Yohansson Tallindəki konsertdə tanış olmuşdular. Əsl sənətkarları musiqi dərhal doğmalaşdırır axı. Çıxışdan sonra biri-birinə sarı qaçdıqları yerdə, sovet "KQB"si aralarına "dəmir sipər" çəkmişdi - "olmaz!" O zaman Yohansson uzaqdan "you are first!" (səndən bir dənədir) söyləmişdi. Anam bu səhnədən təsirlənib "niyə imkan vermirsiz, insanlar görüşsün, onlar ki sənətdən danışacaqlar, şəffaf ürəklərdən sizə nə ziyan gələcək?.."
- Yohanssonun o fikrinin davamı belə idi: "Vaqifin musiqisi Şəhrizadın 1002-ci gecəsinin nağılıdır..."
- İndiyə qədər anlaya bilmirəm, atam cazı necə bu qədər mükəmməl duyurdu, o dərəcədə ki, hər dəfə amerikalılar maraq və heyrətlə ona yaxınlaşarmışlar: "Bu nə akkorddur belə, bizə də göstərərsən?.." Baxın, elə buna görə, indi mənə sual verəndə ki, "amerikan və azərbaycanlı musiqiçilər arasında nə fərq görürsüz?", deyirəm: "azərbaycanlı amerika cazını dəqiqliyi ilə çatdıra bilər, amma heç bir amerikalı, azərbaycan musiqisini ifa edə bilməz..."
lll
Heyif ki, müasir caz böyük bəstəkarların yolundan uzaqlaşır. Bütün dünyada vəziyyət eyni imiş. "Musiqidə əsas musiqidir", - deyir Əzizə Mustafazadə və "avanqard" adı altında hökm sürən özbaşınalıqdan danışır... "Mən yenə də arabir o xaosda bəzi "fikirləri" izləməyə çalışıram, oğlum Ramiz xanın isə xaric səslərə qəti dözümü yoxdur: "Ana, söndür, söndür, qulaqlarım ağrıyır..."
Musiqi kimi bütün Yer üzünün nizamı - ahəng, harmoniya pozulsa... pandemiyalar, böyük müharibələr dünyanı bürüsə belə,.. qorxu içində yaşamağa dəynməz... Əzizə Mustafazadə belə düşünür. Taleyin yazısına inanır, Allaha sonsuz şükranlıq içindədir. Bütün söhbətlərində, hər bəstəsində və ifa etdiyi musiqidə israrla, dönə-dönə bir vacib həqiqəti xatırladır: "xilas - yalnız canlı ünsiyyətdə, insan qəlbləri arasında qurulan rabitədədir..."
1news.az





