“Azərxalça”nın Zəfər gününə həsr olunmuş “Zəfər” xalça kolleksiyası işıq üzü gördü! - FOTO | 1news.az | Xəbərlər
Cəmiyyət

“Azərxalça”nın Zəfər gününə həsr olunmuş “Zəfər” xalça kolleksiyası işıq üzü gördü! - FOTO

Qafar Ağayev17:55 - 03 / 11 / 2022
“Azərxalça”nın Zəfər gününə həsr olunmuş “Zəfər” xalça kolleksiyası işıq üzü gördü! - FOTO

“Azərxalça” ASC-nin ölkəmizin Vətən müharibəsində əldə etdiyi möhtəşəm Qələbənin il dönümünə həsr olunmuş “Zəfər” kolleksiyası üçün ən yaxşı xalça müsabiqəsinin qaliblərinin əsərləri il ərzində toxunaraq artıq başa çatdı.

“Zəfər” kolleksiyasına daxil olan ilk 4 yerin qaliblərinin xalçalarının noyabr ayının 3-də “Azərxalça”nın İçərişəhərdə yerləşən nümayiş və satış salonunda ictimai xadimlər, incəsənət nümayəndələri və müsabiqənin digər iştirakçılarının da qatıldığı geniş təqdimat mərasimi baş tutdu.

Tədbirdə həmçinin “Azərxalça”nın regionlarda yerləşən emalatxanalarında müxtəlif vəzifələrdə çalışan Vətən müharibəsi iştirakçıları, qazi işçiləri də iştirak ediblər.

Toxunan xalçalar müsabiqənin xatirəsi olaraq “Azərxalça”nın nümayiş və sərgi salonunda saxlanılacaq. Gün ərzində xalçalara baxmaq istəyən hər kəs salona baş çəkib rahatlıqla bu sənət əsərlərindən həzz ala bilər.

Kolleksiyaya daxil olan xalçalar və onların müəllifləri haqqında:

Fidan İlham – Birinci yerin qalibi

“Zəfəri bizə gətirənlər” xalçası

Fidan İlhamlının təqdim etdiyi xalçanın əsas elementləri bir-birinə bənd olan Qarabağ atlarıdır. Məşhur rus rəssamı Vasili Vereşagin 1870-ci ildə xatirələrində yazırdı: “Həyatımda gördüyüm ən yaxşı atlar Şuşada Cəfərqulu xana məxsusdur”. Məhz buna görə də müəllif xalçasında Qarabağ atlarını bizim cəsur döyüşçülərlə əlaqələndirmək istəyib. Atların başları bir-birinə bənddir. Buna səbəb isə döyüşçülərimizin birlikdə 44 gün ərzində çiyin-çiyinə döyüşməsidir. Atların üzərində olan ikili hərflər şəhidlərimizin adlarının və soyadlarının baş hərfləridir. Atların arasında olan boşluqda isə stilizə olunmuş alov elementi var. Bu, Azərbaycanda heç vaxt sönməyəcək odlar mənasına gəlir. Və ən əsası, xalçanın mərkəzində ərəbcə yazılmış “Allah” sözü şəhidlərimizin ən uca zirvəyə, yəni cənnətə çatmalarının işarəsidir.

Aytac Ələkbərli – İkinci yerin qalibi

“Dəmir yumruq” xalçası

“Dəmir Yumruğ”un təbliğatında arılar əsas götürülüb. Arılar Qurani-Kərimdə xatırlanır, həmçinin müəllif özünün zəhmətkeşliyi və məhsuldarlığını arılara bənzədir; “mənə toxunmayana toxunmaram və həmişə şirinə qaçaram”. Arını öz işində PUA kimi təsvir edib. Xalçadakı buludlar hər zaman səmadan döyüşə hazır olduğumuzu simvolizə edir. Odu qoruyan əllər isə Şəhidlər Xiyabnındakı “Əbədi məşəl”dir. Alovun anlamı – Şəhidlərimizi unutmamağımız və unutdurmayacağımızdır!

Təhminə Məmmədova – Üçüncü yerin qalibi

“Dönüş” xalçası

“Zəfər” mənim üçün “yenilənmək” deməkdir. Mən xalçamın dizaynını bu ideyaya əsəsən verdim. Ana haşiyədə alovu buta şəklində stilizə etmişəm. Alovun içində olan ornament döyuşçülərdir. Eyni zamanda, alov təmizlənmə mərhələsinin işarəsidir. Ara sahədə müharibədən sonra olan həyat artiq dirçəlir, yağan yağış təmizləyir və bitkini qidalandırır. Günəbaxan günəşin və məhsuldarlığın simvoludur, yəni torpaqlarımız bizə qayıtdıqdan sonra təbiətimiz dirçəlib. Buludu spiral şəklində stilizə etmişəm ki, bu da inkişaf və hərəkatın simvoludur. Ağacı isə xilaskar və təbii fəlakətlərdən qoruyucu kimi simvollaşdırmışam. Ümumiyyətlə, Azərbaycan xalçaları qədim rəmzlərlə zəngin olduğu üçün mən öz xalçamı müasir simvollarla zənginləşdirmişəm.

Maya İbadlı – Sosial şəbəkələrin nəticələri üzrə qalib

“Cənnətə giriş” xalçası

Azərbaycanın cənnət guşəsi Qarabağa, alınmaz qala olan Şuşaya neçə illik həsrətdən sonra atdığımız addımı “Cənnətə giriş” adlı xalça-kompozisiyamda əks etdirdim. “Cənnətə giriş”i öz canları, qanları bahasına bizə Zəfəri bəxş edənlərə həsr edirəm. Bu kompozisiyanı öz hisslərim, duyğularım, vətənə olan sevgimlə göstərmişəm. Dahi şairimiz Səməd Vurğunun dediyi kimi: “Səbr ilə yaranar hər böyük zəfər””

Xatırladaq ki, 2021-ci ilin iyul ayında elan olunan “Zəfər” kolleksiyası üçün ən yaxşı xalça müsabiqəsinə müraciət edən yüzlərlə gənc sırasından yalnız 13 nəfər seçmə mərhələni keçərək təlimlərə qatılıb. Bir ay davam edən təlimlər zamanı gənc dizayner və rəssamlar həm yerli, həm də xarici mütəxəssislərlə təcrübələrini bölüşüblər. Təlimlər həm nəzəri, həm də praktik yöndə baş tutub.

27 Sentyabr - Anım Günü və 44 günlük Vətən müharibəsinin ildönümünün qeyd olunması münasibəti ilə “Azərxalça” ASC- nin elan etdiyi “Zəfər” kolleksiyası üçün ən yaxşı xalça müsabiqəsi başa çatıb.

Paylaş:
1121

Son xəbərlər

Bütün xəbərlər