Landau School-da təhsil alan şəhid övladları Şuşanı ziyarət ediblər - FOTO - VİDEO | 1news.az | Xəbərlər
Cəmiyyət

Landau School-da təhsil alan şəhid övladları Şuşanı ziyarət ediblər - FOTO - VİDEO

14:00 - 07 / 11 / 2022
Landau School-da təhsil alan şəhid övladları Şuşanı ziyarət ediblər - FOTO - VİDEO

POLAD və NATAVAN layihələri çərçivəsində LANDAU School-da ödənişsiz təhsil alan şagirdlər Zəfər Günü ilə əlaqədar olaraq 2 il öncə işğaldan azad olunmuş Şuşa şəhərini gəziblər.

Bakıda fəaliyyət göstərən LANDAU özəl orta məktəbində POLAD və NATAVAN layihələri üzrə ödənişsiz (full scholarship) təhsil alan şagirdlər Azərbaycanın Vətən Müharibəsindəki Şanlı Qələbəsinin ikinci ildönümü ilə bağlı Qarabağın incisi sayılan mədəniyyət paytaxtımız Şuşaya gəzintiyə aparılıblar.

Öncə Cıdır düzünü ziyarət etmiş uşaqlar buradakı mənzərə və təbiətlə tanış olublar. Ardınca şagirdlər Azərbaycan şairi və dövlət xadimi, Qarabağ xanın vəziri Molla Pənah Vaqifin muzey-məqbərə kompleksini ziyarət ediblər. Daha sonra onlar Şuşa qalasının qarşısında olublar, Gəncə qapısı önündə şəkillər çəkdiriblər.

Son olaraq şagirdlər erməni vandalizminin vaz keçmədiyi Xurşidbanu Natəvan, Bülbül və Üzeyir Hacıbəylinin heykəllərinə baş çəkiblər. Bu 3 heykəl 1992-ci ildə erməni silahlı dəstələri Şuşanı işğal edərkən, düşmən güllələrə tuş gəlmiş, sonra isə müvəqqəti olaraq Bakıda yerləşdirilmişdir. Məhz 44 günlük müharibədən sonra prezident İlham Əliyevin təşəbbüsü ilə heykəllər Şuşaya qaytarılmışdır.


Qeyd edək ki, POLAD layihəsi Azərbaycanın milli qəhrəmanı, general-mayor Polad Həşimovun xatirəsinə adlandırılıb və Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda valideynlərindən biri şəhid olmuş uşaqlar üçün olan təqaüd proqramıdır. NATAVAN layihəsi isə XIX əsr Azərbaycan şairəsi, Şuşada anadan olmuş Xurşidbanu Natəvanın xatirəsinə adlandırılan və analarını erkən yaşlarında itirmiş qızlar üçün nəzərdə tutulan təqaüd proqramıdır.

2018-ci ildə fəaliyyətə başlamış LANDAU School Azərbaycanda müasir tədris təcrübəsinə uyğun metodoloji yenilikləri tətbiq etməklə, təhsil sahəsində özünəməxsus mövqeyə sahib olan özəl orta məktəbdir. Hazırda 3000-dən çox şagirdin təhsil aldığı və Qafqazın ən böyük özəl məktəblərindən biri olan LANDAU School-da tədris Azərbaycan, rus və ingilis dillərində aparılır.

LANDAU Education Group-a ən böyük layihəsi olan LANDAU School ilə yanaşı, LANDAU Kindergarten (uşaq bağçası), LANDAU PreSchool (məktəbəqədər təhsil müəssisəsi), PreLANDAU kursları (LANDAU School-a qəbul olunmaq üçün riyaziyyat və ingilis dili üzrə hazırlıq kursları), LANDAU Academy (müəllimlər üçün ixtisasartırma kursları) və Leznik & Co. tədris mərkəzi (yerli və xarici universitetə hazırlaşan abituriyentlər üçün hazırlıq kursları) layihələri də daxildir.

Reklam hüququnda

Paylaş:
834

Son xəbərlər

Bütün xəbərlər