“Azərbaycan Vətən müharibəsindən sonra böyük nüfuz qazanıb” - POLİTOLOQ

Azərbaycan iki il öncə böyük tarixi qələbə qazandı. Bundan sonra hər il 8 Noyabr tarixi ölkəmizdə Zəfər Günü kimi qeyd olunacaq.
Bu sözləri 1news.az-a açıqlamasında politoloq İlyas Hüseynov deyib.
"Cənab prezident İlham Əliyev bununla bağlı xüsusi sərəncam imzalamışdır. Digər tərəfdən 2020-ci ilin 27 Sentyabr tarixindən başlayaraq 44 gün davam edən Vətən müharibəsində bütün Azərbaycan xalqı bir yumruq kimi birləşdi və bu həmrəyliyimiz, birliyimiz bizə zəfər qazandırdı. Bütün dünya azərbaycanlıları bir amal ilə yaşayırdı. Qarabağın və Şərqi Zəngəzurun işğaldan azad olunması ümidi bizi yeni qələbələrə aparırdı. Digər tərəfdən Ali Baş Komandan cənab İlham Əliyev Vətən müharibəsi dövründə dünyanın aparıcı kütləvi informasiya vasitələrinə verdiyi müsahibələrlə informasiya müharibəsində bizim qələbəmizi şərtləndirdi. Çünki ilkin mənbədən əldə olunan məlumatlar həm də geniş auditoriyaya çatdırılır və bununla erməni təbliğat maşını darmadağın olurdu. Döyüş meydanında rəşadətli Azərbaycan ordusu bir-bir kəndləri, qəsəbələri, rayonları, şəhərləri işğaldan azad etdikcə qələbəmizə inam daha da böyüyürdü. Cənab prezidentin sosial şəbəkə hesablarından paylaşdığı məlumatlar xalqa müraciətləri həm də çox tez bir zamanda ordumuzun qarşısına qoyduğu məqsədlərə çatmağa yardımçı oldu.
Azərbaycan 30 illik dövr ərzində öz tərəfdaşlarını, müttəfiqlərini yanında görməklə həm də ordumuzun texniki təchizatını daha da mükəmməlləşdirdi. Ordumuzun peşəkarlığının artırılması, kadr potensialının daha da inkişaf etdirilməsi kimi böyük məqsədlər qarşıya qoyuldu. Türkiyəmizin Azərbaycana siyasi və mənəvi dəstəyi ilk gündən hiss olunurdu. Türkiyənin prezidenti Rəcəp Tayin Ərdoğan Azərbaycana dəstək nümayiş etdirməklə üçüncü dövlətlərin münaqişəyə cəlb olunmasının qarşısını aldı. Qəti şəkildə bildirildi ki, hər hansısa dövlətlər Ermənistanın tərəfində vuruşmağa cəhd göstərəcəksə, qarşılarında Türkiyəni görəcək. Türkiyə NATO-da ikinci ən böyük orduya malik olan dövlətdir və bu Azərbaycana həm də düşməni döyüş meydanında məhv etməyə, onun arxasında olan havadarlarının kənara çəkilməsinə şərait yaratdı. Qeyd etmək istəyirəm ki, Azərbaycan Vətən müharibəsindən sonra böyük nüfuz qazanıb və yeni geosiyasi reallıqlar kontekstində Azərbaycana böyük maraq göstərilir. Cənab prezidenti mötəbər tədbirlərdə görməyə çalışırlar, onun fikirlərinə ehtiyac duyurlar və bu da ölkəmiz üçün yeni-yeni prioritetlər formalaşdırır. Siyasət meydanında Azərbaycan öz şərtlərini Ermənistana diktə edir və düşünürəm ki, məhz siyasi müstəvidə bugünkü şərtlərlə qalib gəlməyimiz çox önəmlidir. Çünki Qafqazda dayanıqlı sülhü və təhlükəsizliyi bərqərar etmək niyyəti də Azərbaycanın istəyidir".
Ayşən İsmayılova